Prezident İlham Əliyev iyulun 5-də Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, Ağstafa rayonunun Həsənsu çayı sahilində inşa olunan Peyntbol və Atıcılıq Mərkəzində inzibati bina, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri inşa olunmuşdur. Ərazi abadlaşdırılmış, yaşıllıq salınıb. Burada müasir işıqlandırma sistemi qurulmuş, istirahət üçün hər cür şərait yaradılıb.
Qeyd edilib ki, mərkəzin yaradılmasına bu il başlanılmışdır. Binada silah və ov ləvazimatları mağazası, həkim məntəqəsi, silah seçimi və silah, təlimatçılar, paltar seçimi, xüsusi geyim otaqları və kafe var. Xüsusi memarlıq üslubunda inşa olunmuş binada havalandırma sistemi quraşdırılıb. Mərkəzdə müşahidə məntəqəsi, rayonda Olimpiya hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə olimpiya idman növü olan stend atıcılığı və idman ovçuluq atıcılığı meydançası da tikilir. Peyntbol meydançasında süni maneə və taxta evlərin quraşdırılması başa çatıb.
Dövlət başçısı iki komandanın döyüş təlimini, stend atıcılığı və idman ovçuluq atıcılığı məşqlərini izləyib.
Bildirilib ki, mərkəz həm də istirahət və əyləncə məkanı kimi fəaliyyət göstərəcəkdir. Burada idman silahlarından istifadə etməyin xüsusi qaydaları müəyyən edilib. Mərkəz yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlıqlarında mühüm rol oynayacaq.
Məlumat verilib ki, atıcılıq idman növünün daha çox yayılmış olan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığının öyrədilməsinə də xüsusi yer ayrılıb. Mərkəzin ərazisində Olimpiya yarışlarında tətbiq olunan və bütün texniki inventarlarla təchiz edilmiş sahə də yaradılıb.
Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.