Bu gün prezidenti İlham Əliyev Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Lent.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. O bildirb ki, Məktəb-Lisey Kompleksi istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı Dövlət Proqramına uyğun olaraq 2010-cu ildə Bakı Slavyan Universiteti Humanitar Liseyinin və Bakı şəhər 15 nömrəli tam orta məktəbin bazasında yaradılıb.
Yeni dərs ili ərəfəsində təhsil kompleksinin 4800 kvadratmetr ərazisi əsaslı şəkildə yenidən qurulub, lisey ən müasir tədris ləvazimatları və avadanlıqla təchiz edilib. Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən işləri əks etdirən fotostend yaradılıb. Kompleksin istilik və işıqlandırma sistemləri, akt zalı, açıq və örtülü idman meydançaları yüksək standartlara uyğun şəkildə yenidən qurulub. Məktəb-Lisey Kompleksinin həyətyanı sahəsində də abadlıq və quruculuq işləri həyata keçirilib.
Dövlət başçısı təhsil kompleksinin sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, kompleksdə minə yaxın şagird təhsil alır. Məktəb-liseydə 33 sinif fəaliyyət göstərir. Təhsil Azərbaycan və rus dillərində həyata keçirilir. Azərbaycan bölməsində 600, rus bölməsində isə 400-dək şagird təhsil alır. Məktəbin binası 1935-ci ildə inşa olunub. Əvvəllər hospital kimi fəaliyyət göstərən bina 1958-ci ildə məktəbə çevrilib. Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı şəkildə təmir edilir. Binada bənd-bərkitmə işləri həyata keçirilib.