Bu il plan yerlərinin sayı artırılan ali məktəblərin adı açıqlanıb. Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədrinin müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında bildirib ki, ən böyük artım Azərbaycan Diplomatik Akademiyasındadır. Orada 2012-ci ildə qəbul planı 163 idisə, bu il onların sayı 300 olub. Bununla da ali məktəbdə qəbul planı 87,50 faiz artıb. Bundan sonra dövlət ali məktəbləri arasında ən çox qəbul planı Azərbaycan Milli Konservatoriyasında (50 faiz), Mədəniyyət və İncəsənət Universitetində (27.73 faiz), Müəllimlər İnstitutunda (19.10 faiz), Bakı Dövlət Universitetində (10.74 faiz), özəl ali məktəblərdən isə Bakı Avrasiya Universitetində (57.89 faiz), Bakı Qızlar Universitetində (39.13 faiz), Bakı Asiya Universitetində (33.33 faiz) qeydə alınıb.
N.Babayev qeyd edib ki, bəzi ali təhsil müəssisələrində qəbul plan yerlərinin sayı nisbətən azaldılıb. Onun sözlərinə görə, ötən ilə nisbətən Memarlıq və İnşaat Universitetində qəbul planı 6.87 faiz, Milli Aviasiya Akademiyasında 4.79 faiz, Azərbaycan Dillər Universitetində 2.03 faiz, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 4,22 faiz azalıb. Özəl univeristetlər arasında isə plan yerlərində azalma olmayıb.
TQDK sədrinin müavini qeyd edib ki, ümumilikdə bu il Azərbaycanın ali məktəblərindəki qəbul planı artırılıb. Belə ki, qəbul planı 2012-ci ildə 34 098 plan yerindən bu il 36 537-ə qalxıb. Bu il plan yerlərində 2439 vakant yer (7,15%) artırılıb. Qruplar üzrə I qrupda 3%, II qrup üzrə 8,5%, III qrup üzrə 14%, IV qrup üzrə isə 0,38% artım qeydə alınıb.