Payız-qış mövsümündə respirator infeksiyalar çoxalır
06 sentyabr 2017 12:10 (UTC +04:00)

Payız-qış mövsümündə respirator infeksiyalar çoxalır

 

“Mövsümün dəyişməsi ilə ən çox yayılan xəstəliklər kəskin respirator infeksiyalar və qrip xəstəlikləridir”. Lent.az-ın məlumatına görə, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər bir mövsüm dəyişikliyi özlüyündə mövsümə uyğun xəstəliklərin aktivləşməsinə səbəb olur: “Payız-qış mövsümündə əhali arasında ən çox kəskin respirator infeksiyalar yayılır. Kəskin respirator infeksiyalar bir neçə kəskin infeksiyanın ümumi adıdır. Xəstəliyin törədiciləri viruslar, bakteriyalar və ibtidailər də ola bilər”.

 

R. Əliyevanın sözlərinə görə, risk qrupuna 1 yaşınadək uşaqlar, 65 yaşından yuxarı yaşlı əhali və hamilələr daxildir. Tənəffüs sistemində xroniki xəstəlikləri olan, şəkərli diabet və digər xroniki xəstəlikləri olan insanlar da bu xəstəliyə asanlıqla yoluxur. 

 

Xəstəliyin üşütmə, titrətmə, qızdırma, əzələ ağrısı, bəzən  ürək bulanma, qusma, nadir halda işıqdan qorxma kimi simptomları ola bilər.

 

Xəstəlik gedişinə görə yüngül, orta və ağır olur. Yüngül və orta gedişli xəstələr poliklinika şəraitində müalicə olunurlar. Ağır gedişli, müxtəlif fəsadlar baş vermiş xəstələr xəstəxanaya yerləşdirilir. Xəstə  5-10 günə tam sağalır.

 

R. Əliyeva qeyd edib ki, respirator infeksiyalı xəstələrə antibiotik tətbiq edilməməlidir: "Xəstənin qızdırması varsa, qızdırma salıcı dərman verilməlidir. Qrip xəstəliyi əhali arasında ağırlaşma verəcək qədər yayılarsa və xəstəlik analizlə təsdiq olunarsa, o halda virus əleyhinə dərman verilə bilər. Qrip xəstəliyinin ən ağır forması pnevmaniyadır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389

Oxşar yazılar