Pasportlara elektron çiplərin yerləşdirilməsinə sentyabrın 1-dən başlanacaq
24 may 2013 13:10 (UTC +04:00)

Pasportlara elektron çiplərin yerləşdirilməsinə sentyabrın 1-dən başlanacaq

Milli Məclisdə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. 

 

Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.  

Əli Hüseynli  bildirib ki, qanuna dəyişikliyin edilməsi barədə müraciət Daxili İşlər Orqanlarından ünvanlanıb. O qeyd edib ki, həmin qurumlar yeniliklərin tətbiqi üçün müəyyən texniki işlərin aparılmasına ehtiyac olduğunu və buna zaman lazım olduğunu bildiriblər.

 

Qanun layihəsi Azərbaycanda pasportlara elektron çiplərin yerləşdirilməsinə başlanması vaxtı dəyişdirilməsini nəzərdə tutur. İndiyə qədər qüvvədə olan qanunda qeyd olunur ki, 2013-cü il iyunun 1-dən pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir. Müzakirəyə çıxarılacaq dəyişikliyə görə isə bu tarix sentyabrın 1-ə keçirilir.

 

Qeyd edək ki, yeni qanunda, həmçinin pasportların verilmə müddəti də göstərilib. Pasportlar 1 yaşınadək uşaqlar üçün birillik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üçillik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beşillik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə onillik müddətə veriləcək. 

 

Qanun layihəsi qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Oxşar yazılar