Gələn il 8-ci Körfəz Seysmik Forumun Bakıda keçirilə bilər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) nümayəndə heyəti Oman Sultanlığında səfərdə olub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən Sultan Qabus Universitetində keçirilən 8-ci Körfəz Seysmik Forumunda Azərbaycanı AMEA RSXM-in baş direktoru Qurban Yetirmişli, RSXM-in Seysmologiya şöbəsinin müdiri T.Məmmədli və mərkəzin əməkdaşı R. Kərimova təmsil ediblər.
Tədbirə ABŞ, İngiltərə, İtaliya, Kanada, Makedoniya, Çex , Türkiyə, Almaniya, Avstriya, CAR, Yəmən, Misir, Avstraliya və 40-dan çox başqa ölkələrdən seysmoloq alimlər və mütəxəssislər qatılıblar. Tədbirdə zamanı Körfəz ölkələrində, eləcə də forumda iştirak edən ölkələrdə seysmik təhlükə və riskin qiymətləndirilməsi ətrafında məruzələr təqdim olunub və geniş müzakirələr aparılıb. Forumda Azərbaycan nümayəndə heyəti tərəfindən respublika ərazisindəki seysmik şərait və risk haqqında məruzə təqdim olunub. Müzakirələr zamanı növbəti forumun gələn il Bakıda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Forumun gələn ilin yaz-yay aylarında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, tədbir çərçivəsində AMEA RSXM-in nümayəndə heyətinin ikitərəfli görüşləri də olub. Forumda iştirak edən dünya şöhrətli seysmoloq alim, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun professoru Nafi Toksöz və Azərbaycan seysmoloqları arasında görüş keçirilib. Görüşdə gələcək birgə əməkdaşlıq perspektivlərini müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin Oman Sultanlığının Seysmoloji Mərkəzinin rəhbəri İsa-əl-Hüseynlə də ikitərəfli görüşü olub. Görüşdə iki ölkə seysmoloqları arasında əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib. Oman Sultanlığının Seysmoloji Mərkəzinin rəhbəri İsa-əl-Hüseyn RSXM-də görülən işlərlə tanış olmaq üçün Azərbaycana dəvət edilib.