2 uşaq anası Jalə Purbayramova xərçəng xəstəliyindən əziyyət çəkir. Lent.az-ın məlumatına görə, bu barədə saytımıza J. Purbayramova özü məlumat verib. Yazını yazmaqda ona rəfiqəsi köməklik edib. Çünki ona kompüterdən istifadə etmək qadağandır.
J. Purbayramova 1982-ci ildə Gəncədə dünyaya gəlib. 2002-ci ildə ailə həyatı qurub. 11 yaşında qızı, 9 yaşında oğlu var. Ailə həyatı ilə ömrü dözülməz əzaba çevrilib: "2009-cu ildə möhkəm sinir krizi nəticəsində işemik insult keçirdim. 2010-cu ildə anamı Bakıya müalicəyə gətirəndə hospitalın yaxınlığında 4 metr hündürlükdən yerə yıxıldım".
Bu hadisədən 3 gündən sonra J. Purbayramova anasını itirib.
"Belimdəki kəskin ağrılara güclü ağrıkəsicilər vasitəsi ilə dözürdüm. Nəhayət ,onurğamdakı 8 yırtığın əməliyyat olunması üçün əmim oğlunun yardımı ilə Moskvaya getdim. Əməliyyatdan əvvəl analiz verilərkən həkimlər şübhəli halla rastlaşdı və mən Maqnit Rezonans Tomoqrafiya (MRT) oldum. Nəticədə beynimin hipofiz vəzinin adenohipofiz hissəsində adenoma, yəni hipofiz xərçəngi olduğu aşkarlandı".
Həkimlər bunun həyat yoldaşı tərəfindən şiddətlə döyülən qadının beyin kəllə sümüyünün travması ilə əmələ gəldiyini deyiblər.
"Həmin hissələrdə zərbələrdən qalan sovrulmamış hemotomalar kistləşib, beyin qanla düzgün qidalanmayıb və nəticədə funksiya pozğunluğu yaranıb. Moskvadan qayıdandan sonra həyat yoldaşım "səndən adam olmaz, çəkilən əziyyətə dəyməz" dedi. 2011-ci ilin martın 16-da qızımı da götürüb, yenə əmim oğlunun yardımı ilə Moskvaya getdim. Aprelin 24-də məhkəmə yolu ilə hələ ayrılmamış yoldaşımın evləndiyini eşitdim, üstəlik də 4 yaşında oğlumu da toyunda iştirak eləməyə məcbur edib. Mayda müalicəmi yarımçıq qoyub təcili Gəncəyə qayıtdım. Oğlumu tələb edəndə Gürcüstana qaçırmaq istədiyini və hətta sərhədə qədər götürdüyünü öyrəndim. Oğlumu qanuni yolla ondan aldım. Bütün bunlardan sonra özümdə güc tapıb Moskvada 24 kimyaterapiya qəbul elədim. Və onurğamın yırtıqlarına görə də mütəmadi müalicə aldım. Halbuki mən beynimdə xərçəng olduğunu öyrənəndə ölümə hazır idim. Ta ki, 6 yaşındakı qızımın "ana, sən mənim üçün yaşamalısan!" sözünü eşidənə qədər. Bu sözlər məni ayıltdı və mübarizə aparmağa qərar verdim. İlk dəfə Moskvada həkim mənə xəstəliyimin olduğunu deyəndə isə mənə bu gedişlə sadəcə 6 aylıq ömrümün qaldığını demişdi".
Artıq 5 ildir ki, Jalə xanım bu xəstəliklə mübarizə aparır. Buna baxmayaraq, xəstəlik bədəninin müxtəlif orqanlarına fəsadlar verir.
- 2 dəfə qolumda şiş əmələ gəlib, ikisində də Gürcüstanda əməliyyat oldum. Daha sonra İrandakı qohumlarımın köməkliyi ilə dəfələrlə beynimə və onurğama görə müayinəyə və müalicəyə getmişəm. İranda sol diz qapağımın selikli qişasının quruması və onurğa yırtıqlarına görə lazer, ultrasəs və fizioterapiya götürmüşəm. Bununla yanaşı, beynimə və onurğama görə də 2 aydan bir Tehrana müayinəyə gedirdim, MRT olurdum, analizlər verirdim, dərmanlarımı alıb qayıdırdım. 2013-cü ildə beynimdəki hipofiz vəzinin xərçəngi nəticəsində sağ gözümün tutulması baş verdi və Tehranda gözümdən əməliyyat oldum. 2014-cü ildə dekabrın 21-dən iyun ayının 9-a qədər 9 dəfə Tbilisidə onkoloji xəstəxanada qadın şiş xəstəlikləri ilə bağlı lazer əməliyyatı oldum. Hazırda Tbilisidə ultrasəs müayinəsi nəticəsində sol tərəfin süd vəzində mastopatiya və kistaların, sağ süd vəzimdə kistaların olması aşkarlanıb. Bununla əlaqədar müalicə götürürəm.
Lakin o, bütün bu xəstəlikləriklə əlaqədar yenidən analizlər verməlidir. Həm beyni, həm onurğası MRT olmalıdır. Qolunda əməliyyat tikişi də götürdüyü kimyaterapiyalar nəticəsində bitişmədiyi üçün yırtıq əmələ gəlib. Həkimlərin sözlərinə görə, təcili olaraq lazer əməliyyatı olunmalıdır.
- Bütün edilən əməliyyatlar və aldığım müalicələrin sənədləri məndə var. İstəyən şəxsə göstərə bilərəm. İndiyə qədər həm işlədiyim Gəncə Dövlət Universitetinin kollektivi, tələbələrim və qohumlarım, ayrı-ayrı şəxslər mənə maddi yardım ediblər. Götürdüyüm borcların da sayı hesabı yoxdur. Bütün bu xəstəliklər böyük miqdarda vəsait tələb edir və mən artıq öz imkanlarımla bunların öhdəsindən gələ bilmirəm. Üstəlik də, 2 azyaşlı övladımla təkbaşına mübarizə aparıram. Onların xətrinə yaşamalıyam. Moskvada həkimlər mənə dedi ki, nə vaxtsa beynimin şişi partlayacaq və mən o zaman həyatda olmayacağam. Müalicələr sadəcə olaraq, ölümün vaxtını ləngidir. Buna baxmayaraq, mən indidən uşaqlarımı kimə əmanət edəcəyimə dair vəsiyyətimi də etmişəm. Mənim bu yazımı oxuyan bütün şəxslərə üzümü tuturam. Eləyə biləcəyiniz hər bir xırda vəsait belə mənim bir az daha ömrümü uzadar, yaşada bilər. Mən övladlarım üçün yaşamaq istəyirəm. Həyatıma laqeyd qalmayacağınıza ümid edirəm. Allahdan ümidimi üzməmişəm! Bu yazımı oxuyan hər kəsə təşəkkürlərimi bildirirəm. Məni ümidsiz qoymayacağınıza inanıram.
Jalə Purbayramovaya ayrdım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: 055 7158469