“Oğuzda baş verən zəlzələdən sonra həmin ərazidə bir dəfə avtoşok baş verib, amma hiss olunmayıb”.
Bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Lent.az-a açıqlamasında deyib.
Q.Yetirmişlinin sözlərinə görə, həmin zəlzələ ocağında yenidən zəlzələ ola bilər: “Ümumiyyətlə, Azərbaycanın hər bir bölgəsində zəlzələ olma ehtimalı həmişə var. Ölkədə hər gün zəif, hiss olunmayan təkanlar olur. Demək olar ki, hər gün ayrı-ayrı bölgələrdə 0,5, 1,2 bal gücündə yeraltı təkanları qeydə alınır. Bu da yerdaxili gedən geodinamik proseslərdir və bunlar olmalıdır. Elə gün olur ki, ayrı-ayrı ərazilərdə ümumilikdə 20 təkan qeydə alırıq”.
Q.Yetirmişli bildirib ki, bu il ölkə ərazisində seysmoloji aktivlik ötən illərə nisbətən artmayıb: “ 2017-ci il ərzində qeydə alınan ən güclü zəlzələ mayın 11-də İmişli-Saatlı seysmogen zonasında qeydə alınan zəlzələdir”.
Qeyd edək ki, bu gün Oğuz ərazisində zəlzələ baş verib. Zəlzələ episentrdə 4 bala qədər, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.