Layihə: “Mənim çəkdiklərim”
Lent.az yeni layihəyə başlayır. “Mənim çəkdiklərim” adlanan bu layihədə Azərbaycanın və dünyanın tanınmış şəxslərinin müxtəlif vaxtlarda çəkdikləri fotolar yer alacaq. Foto informasiya daşıyırsa, foto çəkən hər bir insan da hansısa mənada xəbər yaradıcısı sayıla bilər. Bu mənada, hətta həmkarımız olmayan, amma həyatının hansısa anlarında jurnalistlik etmiş məşhurların da əl işləri ilə bu layihə çərçivəsində tanış ola biləcəksiniz.
Həmkarlardan başladıq. Layihənin ilk qonağı, tanınmış jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevdir. Arif Əliyevin bu günə qədər çəkdiyi fotolar arasından maraqlılarını təqdim edirik. Özünün qısa təqdimatı ilə:
- Şəkil çəkməyə uşaqlıqdan başlamışam. O vaxt atam Almaniyadan “Praktika” adlanan iki ədəd fotoaparat gətirmişdi. Çox gözəl aparatlar idi. Evdə bir küncdə qalmışdılar. Biri xarab idi, biri isə işləyirdi. Hələ uşaq vaxtından həmin işləyən aparatla şəkillər çəkməyə başladım. Sonradan isə bu iş peşəmin bir hissəsinə çevrildi. Əvvəllər bir çox materiallarım üçün şəkilləri də özüm çəkirdim. Düzdür, son vaxtlar harasa gedəndə fotoaparatı çox az hallarda özümlə götürürəm. Bunun da səbəbi odu ki, çox az-az yazıram.
Hər şeyi sözlə deyə bilmirsən. Çox zaman şəkil yazının özündən də çox şey deyir...
Anar Gəraylı