Nümunəvi yol polisləri mükafatlandırıldı - SİYAHI
23 yanvar 2015 12:01 (UTC +04:00)

Nümunəvi yol polisləri mükafatlandırıldı - SİYAHI

Avtosfer.az və "Digesta"  hüquq firmasının birgə təşəbbüsü və təşkilatçılığı ilə "Yol hərəkətini təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətinə" həsr olunan tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, Bakı şəhəri Dövlət Yol Polisi idarəsinin yüksək rütbəli əməkdaşları, ictimaiyyət nümayəndələri, eləcə də olimpiya çempionu Elnur Məmmədli iştirak ediblər.

 

Tədbirin başlıca məqsədi ölkəmizin paytaxtında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin və şəxsi heyətinin ötən il ərzində həyata keçirdiyi fəaliyyətə nəzər salmaq, habelə xidmətdə fərqlənən əməkdaşları təltif etməkdir. Avtosfer.az saytı fəaliyyət göstərdiyi bir ilə yaxın müddətdə Dövlət Yol Polisinin fəaliyyətini yaxından izləyərək, bu fəaliyyəti müxtəlif istiqamətlərdən işıqlandırıb. Bu zaman yol hərəkətinin təşkili və hərəkət təhlükəsizliyinə nəzarətlə bağlı xeyli irad və təklifləri olub.

Bütövlükdə ölkəmizdə və paytaxtda Bakıda nəqliyyatının sürətlə artığı bir şəraitdə təhlükəsizlik, fasiləsiz və rahat hərəkətin təmin olunması Dövlət Yol Polisinin fəaliyyəti üçün də yeni tələblər doğurub. Dövlət Yol Polisi yollarında rahat və fasiləsiz hərəkəti təmin etmək, cəmiyyətin nəqliyyatın zərərli təsirlərindən qorumaq üçün üç istiqamətdə fəaliyyət fəaliyyət göstərir.

 

1. Yol hərəkətinin təşkili

2. Yol hərəkəti iştirakçılarının maarifləndirilməsi

3. Yol hərəkəti təhlükəsizliyinə nəzarət.

 

Tədbirdə millət vəkilləri, Dövlət Yol Polis İdarəsinin əməkdaşları çıxış edərək vətəndaş-polis münasibətləri haqqında danışıblar.

 

«Digesta» hüquq firmasının direktoru, ekspert Ərşad Hüseynov deyib ki, yol hərəkəti ən aktual məsələlərdən biridir: «Yol hərəkəti təhlükəsizliyi sadə iş deyil. Bu, cəmiyyətdə hər bir insandan asılıdır. Bununla bağlı məsələlərə münasibətlər dəyişməlidir. Hazırda yol hərəkəti strategiyası hazırlanır, başa çatdıqdan sonra müəyyən işlər qaydasına düşəcək».

Deputat Rafael Cəbrayılov deyib ki, Azərbaycanda polis-vətəndaş münasibəti ilə bağlı vəziyyət normaldır: “Azərbaycanda polis tərəfindən vətəndaşın öldürülməsi faktı yoxdur. Bizə demokratiya dərsi keçmək istəyənlər buna diqqət etməlidir. Düzdür, Azərbaycanda bəzi çatışmazlıqlar var, bunu da aradan qaldırmaq lazımdır. Azərbaycanda polisin fəaliyyəti ideal olmasa da, digər dövlət qurumlarının fəaliyyətinə nisbətən daha düzgün və şəffafdır”.

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda kifayət qədər təcrübəli polislər var, amma işinin öhdəsindən gələ bilməyən polislərin olduğu da qeyd edilməlidir: “Polis-vətəndaş münasibətlərini tənzimləmək üçün maarifləndirmə işləri aparmaq lazımdır. Bu olmazsa, polis üçün də çətin olacaq”.

Deputat Çingiz Qənizadə isə çıxışında deyib ki, Azərbaycan polisinin müsbət və mənfi cəhətləri var: “Polislər çox işləyirlər, ona görə də onlar yüksək əmək haqqı almalıdır. Biz ailə üzvlərimizlə istirahət məkanlarında gəzə biliriksə, buna görə polislərə təşəkkür etmək lazımdır. Amma polis fəaliyyətinə kölgə salmaq istəyənlər var. İş varsa, nöqsanlar da olmalıdır. Bugünki Azərbaycan polisi daha sivildir”.

Ç.Qənizadə vətəndaşlar tərəfindən polislərə qarşı aqressiv hallara yol bverilməsinə də toxunub: “Polis Leyla Yunusun evində axtarış aparan zaman Yunus polis əməkdaşının papağını yerə atdı. Amma polis buna çox dözümlü yanaşdı. Belə hallar yolverilməzdir. Polisi təhqir etmək olmaz. Mən bu məsələ ilə bağlı nazirə məktub yazdım, həmin polisin mükafatlandırılmasını xahiş etdim. İndi onun rütbəsi bir pillə qaldırılıb”.

Deputat marşrut avtobuslarının dövlətə tabe olmasının vacibliyini də qeyd edib: “Avtobusların idarəçiliyi və tənzimlənməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılarsa, bu, daha yaxşı olar”.

Deputat Fuad Muradov isə Azərbaycanda polisin fəaliyyətinin yüksək səviyyədə olduğunu, vətəndaş-polis münasibətləri ilə bağlı təbliğat işinin gücləndirilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, başqa ölkələrdəki kimi, Azərbaycanda da polislər vətəndaşlarla kobud, sərt davranmır: «Biz yol polislərini qardaş kimi görürük, bu cür davranırıq. Onların əməyini qiymətləndirmək həmişə lazımdır».

Millət vəkili Elmira Axundova da polisin zəhmətindən danışıb və xüsusən də, yol polisi əməkdaşlarının ağır şəraitdə işlədiyini deyib: «Polislər bizim dostlarımızdır. Onlar olmasa, yollarda sürücülər daha ağır əməllər törədərlər. Lakin mən xarici ölkələrdə olanda görürəm ki, küçədə polislər az-az görünür. Çünki bütün qayda pozuntuları xüsusi texniki vasitələrin köməyi ilə çəkilir və sürücülər cərimə olunur. Bunu bizdə də etsələr, polislər sürücülərlə az ünsiyyətdə olarlar ki, onda da xoşagəlməz hallar baş verməz»

Sonda Bakı Şəhər Yol Polisi İdarəsinin 2014-cü il ərzində xidmətdə fərqlənmiş 14 əməkdaşı xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmin şəxslər bunlardır:

polis baş leytenantı Mərdan Əliyev ,

mayor İlqar İbrahimov

kapitan Namiq Mustafayev

baş çavuş Rauf Bağıyev

baş çavuş Ruslan Həsənov

baş leytenant Bəbir Rzayev

leytenant Murad Vəliyev

kapitan Mövlayev Natiq

baş çavuş Kəmaləddin Qədimov

baş çavuş İlkin Quliyev

çavuş Ramin Mustafayev

leytenant Süleyman Süleymanov

çavuş Rafiq İsgəndərov

baş çavuş Davud Şərəfxanov.

Həmçinin, 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin müəllimi Fəridə Süleymanova yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işindəki xüsusi fəallığa görə diplom mükafata layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182

Oxşar yazılar