Leykoz xəstəliyindən müalicə olunan tanınmış jurnalist Nicat Dağlar noyabrın 6-da yenidən Almaniyaya yola düşür. Bu barədə Lent. az-a N. Dağlar özü məlumat verib. Jurnalist bildirib ki, bu dəfə o, ikinci müalicə kursunu qəbul edəcək: “Bilirsiniz ki, birinci müalicə kursu iyul-avqust aylarına təsadüf etmişdi. Alman həkimlər müəyyənləşdirdiyi müalicə qrafikinə görə oktyabrın sonu, noyabrın əvvəli yenidən xəstəxanada olmalıyam. Bu müddət ərzində mən çox ağır dərmanlar qəbul etmişəm. Müalicəm bir gün də olsa dayanmayıb. Almaniyada yenidən müayinələrdən keçməliyəm ki, həkimlər müalicənin xəstəliyə hansı təsir göstərdiyini dəqiqliklə müəyyən etsinlər. Buna uyğun olaraq da müalicənin ikinci kursu üçün dərman preparatları müəyyənləşəcək və mən bir müddət alman həkimlərinin nəzarəti altında qalacam. Bundan başqa, qardaşımdan ilik analizi götürüləcək ki, gələcəkdə ehtiyac yaranarsa, o mənim potensial donorum olsun.
N.Dağların sözlərinə görə, xəstəlik müalicəyə tabe olunur və o artıq özünü yaxşı hiss edir: “Mənim müalicəmin xərcləri prezident İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən qarşılanır. Bu müddət ərzində mən bir gün də olsa nəzarətdən kənar saxlanılmamışam. Bakıdakı qan xəstəlikləri institutunun həkimləri məni mütəmadi olaraq müayinələrdən keçirib, gərəkli dərman preparatları ilə təmin ediblər. Bir sözlə, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatələnmişəm və buna görə, prezident İlham Əliyevə bir daha öz təşəkkürümü bildirirəm. Hər halda bu bir reallıqdır ki, məhz dövlətin dəstəyi ilə bu xəstəliyi tamamilə yenməyə yaxınam. Sağ olsunlar ”.
Qeyd edək ki, N.Dağlar noyabrın 6-ı səhər saatlarında Frankfurta yola düşəcək. Oradan isə məşhur klinikalar şəhəri olan Bəd Vildungenə yollanacaq.