GÜNÜN ŞƏRHİ
Federal Ehtiyat Sisteminin dekabr iclasının protokolları yeni heç nə demir. Dolların uçot dərəcəsini artırmaq ABŞ-ın əlində olan mühüm təsir alətlərindən biridir. Son illər bu mexanizm daha çox rəqib bazarlara, rəqib iqtisadiyyatlara qarşı tətbiq olunur, lakin artıq durum dəyişir. Dolların bahalaşması bumeranq effekti verərək ABŞ iqtisadiyyatına mənfi təsir göstərməyə başlayır, FES rəsmiləri də baha dolların ABŞ istehsalı olan malların rəqabətə davamlılığını azaltdığını etiraf edirlər. Digər məqam isə artıq rəqib iqtisadiyyatların da sərt maliyyə-kredit siyasətinə analoji cavablar verməsidir. Çin öz məhsullarının rəqabət qabiliyyətini artırmaq üçün növbəti dəfə milli valyutanı dollara nisbətən ucuzlaşdırıb. Bu məqam indidən Vaşintonla Pekin arasında söz duelinə, qarşılıqlı ittihamlara səbəb olub. Təbii ki, dünya iqtisadiyyatının generatoru olan Çini bu kimi ittihamlarla qorxutmaq mümkün deyil, yeganə variant orta yolu tapmaqdır. FES üzvlərinin “baha dollar ABŞ iqtisadiyyatı üçün təhlükəlidir” tezisi də orta yola qayıdış cəhdi hesab oluna bilər. Yəni, proseslər belə davam edərsə, 2017-də dolların uçot dərəcəsinin üç dəfə qaldırılması deyil, dəyişməz qalacağı daha realdır.
Vüqar HÜSEYNOV