Avropa Yay Olimpiya Oyunları ilə bağlı şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndiriləcək, yeni yollar tikiləcək
”Avropa Yay Olimpiya Oyunları ilə bağlı Nəqliyyat Nazirliyində konkret təkliflər müzakirə edilir və kompleks Tədbirlər Planı hazırlanır”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov söyləyib.
Ziya Məmmədov deyib ki, ilkin məlumata görə 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Hava Limanı, Bakı Dəmir Yolu vağzalı, Avtomobil Nəqliyyatı strukturları nəzərdə tutulur. İştirakçıların 90 faizinin gəliş və gedişi Heydər Əliyev Hava Limanı vasitəsi ilə nəzərdə tutulur: “Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin edilməlidir. Olimpiada vaxtı bu şəxslərin, həmçinin idmançılar və onları müşayiət edənlərin Olimpiya şəhərciyindən Olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin turist gəzintilərinə daşınması həyata keçiriləcək”.
Ziya Məmmədov bildirib ki, hazırlıq dövründə gözlənilən rəsmi heyətlərin və qonaqların, idmançıların, həmçinin turistlərin təxmini sayı, oyunların keçiriləcəyi əsas idman arenalarının dislokasiyası, rəsmi heyətlərin, qonaqların və turistlərin yerləşəcəyi otellər və digər yaşayış yerlərinin dəqiqləşdirilməsi bu xidmətlərin daha dolğun təşkilini təmin edəcək. O qeyd edib ki, nəqliyyat xidmətlərin təşkili üçün Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair Tədbirlər Planının layihəsi hazırlanır və fevral ayının sonunadək Təşkilat Komitəsinə təqdim ediləcək. Tədbirlər Planı 3 əsas hissədən ibarətdir. Birinci, nəqliyyat vasitələri (avtobuslar, minik və taksi avtomobilləri, metro vaqonları), mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdiriləcək. Tədbirlər Planının ikinci hissəsinə Bakı şəhərində nəqliyyat infrastrukturu, gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması daxildir. Üçüncü hissəyə nəqliyyat xidmətlərinin idarə olunması və təşkili, nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bazasında Olimpiya Oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin və onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasının və əlaqələndirilməsinin təmin edəcək Qərargahın yaradılması, nəqliyyat xidməti göstərən sürücü və digər kateqoriyadan olan işçilərin hazırlanması, onlar üçün xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili və bu kontingent üzrə məlumat bazasının yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması, ictimai nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi zolaqların, hərəkət marşrutlarının və parklama yerlərinin təşkili və görülən işlər barədə kütləvi informasiya vasitələrində məlumat verilməsi və internet səhifələrində yerləşdirilməsi daxildir.
Nəqliyyat naziri əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisinin əsas məsələlərdən biri olduğunu söyləyib. Onun sözlərinə görə, hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində yekunlaşdırılacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaq. Eyni zamanda Buzovna-Mərdəkan-Qala və Qala-Zığ şossesi 2014-cü ilin birinci yarısında yekunlaşdırılacaq. Şəfa stadionun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcək. Sadalanan bu yollar Olimpiya Oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaq. Eyni zamanda, respublika və yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir. O qeyd edib ki, qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı Dəmir Yolu vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaq. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron ödəmə sisteminə keçid təmin ediləcək. Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcək. Nəqliyyat naziri bildirib ki, Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac var: “Sonda əmin etmək istərdim ki, Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq dövründə və oyunların keçiriləcəyi müddətdə Nəqliyyat Nazirliyinə həvalə olunmuş bütün işlərin icrası vaxtında və yüksək səviyyədə təmin olunacaq”.