Nazirliyin Hacıqabul gölünün bərpası ilə bağlı təklifləri açıqlandı
16 may 2013 12:44 (UTC +04:00)

Nazirliyin Hacıqabul gölünün bərpası ilə bağlı təklifləri açıqlandı

Nazirlər Kabineti Kompleks Tədbirlər Planını rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət qurumlarına göndərib

 

Son illər Hacıqabul gölünün Kür çayı ilə təbii qidalanmasının dayandırılması və gölün akvatoriyasına antropogen təsirlərin artması onun ekoloji vəziyyətinin pisləşməsinə səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı ərazidə ekosistemin bərpası istiqamətində fəaliyyətin əlaqələndirilməsi və bu sahədə kompleks tədbirlərin aparılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq  əmrinə əsasən Kompleks Tədbirlər Planının hazırlanması üçün nazirliyin aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə İşçi Qrup yaradılıb.

 

İşçi Qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılmış, gölün qurumasını və çirklənməsini törədən səbəblər və yaranmış problemin həlli üçün mövcud imkanlar bir daha qiymətləndirilib. Araşdırmaların nəticəsi olaraq “Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə Kompleks Tədbirlər Planı”nın layihəsi hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.

 

Kompleks Tədbirlər Planında aşağıdakı məsələlər öz əksini tapıb:

 

- “Hacıqabul Balıq” ASC tərəfindən özəlləşdirilmiş Hacıqabul gölü və onun ətraf ərazisinin gələcək təyinatının müəyyən edilməsi;

 

- Gölün istifadə (istirahət, idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, yasaqlıq və digər) məqsədlərinin müəyyən edilməsi (Ekologiya Nazirliyinin təklifi burada yasaqlığın yaradılması ilə bağlıdır, lakin başqa təkliflər də olduğu üçün məsələ Nazirlər Kabinetinə açıq şəkildə təqdim olunub). Gölün statusunun müəyyən edilməsi prinsipial məqamdır, xünki istənilən halda gölün tələb olunan vəziyyətdə saxlanılması üçün yaradılmalı olan infrastrukturu işlək vəziyyətdə saxlamaq və mühafizə etmək üçün konkret bir qurum yaradılmalıdır;

 

- Hacıqabul gölünün ətrafında yerləşən torpaqların inventarlaşdırılması;

 

- Gölün ətrafında tikilmiş yaşayış evlərinin sudan mühafizəsi məqsədi ilə bəndin tikilməsi və ya əslində qanunsuz olan tikililərin köçürülməsi;

 

- Şirvan və Hacıqabul şəhərlərində formalaşan tullantı sularının idarə olunması və Şirvan tullantı su təmizləyici qurğuları kompleksinin tikintisi;

 

- ARDNŞ-in balansında olan  ləğv olunmuş quyular üzrə müvafiq tədbirlərin görülməsi və quyuların ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməsi;

 

- Avtomobil yollarının həmin ərazidən keçən hissəsində dambanın möhkəmləndirilməsi və şlyuzların bərpası;

 

- Qrunt sularının yer səthinə yaxın olan sahələrində drenaj sisteminin yaradılması;

 

- Kür çayından gölə su vurulması üçün nasos stansiyasının quraşdırılması və Hacıqabul gölünü Kür çayının suyu ilə təmin edən beton kanalın çəkilməsi;

 

- Hacıqabul gölünün suyunun tənzimlənməsini təmin etmək üçün göldən Baş Şirvan kanalına boru kəmərinin çəkilməsi və nasos stansiyasının qurulması;

 

- Yağıntılar zamanı ətraf dağ yamaclarında formalaşan səth sularının gölə axıdılması üçün kanalın tikilməsi;

 

- Hacıqabul gölünün və gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması;

 

- Hacıqabul gölünün sanitar-mühafizə zonasında yaşıllıqların salınması və müasir suvarma sisteminin qurulması;

 

 - Gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihə smeta sənədlərinin hazırlanması və s.

Nazirlər Kabineti tərəfindən Kompleks Tədbirlər Planı rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar