Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının ətraf mühitin mühafizəsi istiqamətində prinsipial və sərt mövqe nümayiş etdirməsi, qanun pozucularına qarşı qanuna müvafiq tədbirlər görməsi nəticəsində ətraf mühitin qorunması işi xeyli yaxşılaşıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2003-cü ildən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumlarının əməkdaşları tərəfindən tərtib edilən akt və protokolların, o cümlədən tətbiq olunan inzibati qaydada cərimələrin və təbiətə vurulan ziyanların sayını göstərən statistika bunu təsdiq edir.
2003-cü ildə ölkə üzrə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozucularına qarşı ümumilikdə 1697 akt və protokol tərtib olunub, cərimələrin ödənilməsi məqsədilə 21 iş məhkəmə orqanlarına göndərilibsə, 2010-cu ildə isə müvafiq olaraq 3034 akt və protokol tərtib edilib, 566 iş məhkəmə orqanlarına göndərilib. Nazirlik tərəfindən ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, ekoloji qanun pozucularına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi nəticəsində 2012-ci ildə 3382 akt və protokol tərtib olunub, 716 iş məhkəmə orqanlarına göndərilib. 2013-cü ilin iki ayı ərzində isə 578 akt və protokol tərtib edilib, 78 iş məhkəmə orqanlarına göndərilib.
Nazirlik tərəfindən həyata keçirilən intensiv mühafizə tədbirləri Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna (ƏMMDF) daxil olan cərimələrin hər il nəzərəçarpacaq dərəcədə artan məbləğində də öz əksini tapıb. Əgər 2003-cü ildə Fonda (ƏMMDF) 223 min 413 manat daxil olubsa, 2006-cı ildə fonda daxilolma 416 min 858 manat, 2010-cu ildə 1 milyon 96 min 394 manat, 2013-cü ilin yanvar-fevral ayları ərzində isə 2 milyon 33 min 564 manat təşkil edib.
Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna faktiki daxilolmalar (manatla)
2003.......................................223 413,4
2004.......................................567 709,6
2005.......................................343 396,0
2006.......................................416 858,0
2007.......................................455 749,0
2008.......................................1 031 653,0
2009.......................................952 143,0
2010.......................................1 096 394,0
2011.......................................1546 530,75
2012.......................................1 712 987,57
2013 Yanvar-Fevral...............2 033 564,89
Yekun..................................... 10 380 399,2
Ramiz Mikayıloğlu