"Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartı qüvvəyə minib. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Tələblər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14.01.2014-cü il tarixli əmri ilə qüvvəyə minib.
"Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartının əsas məqsədləri yerləşdirmə vasitələrində turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, yerləşdirmə vasitələrində çalışanların peşə səviyyəsinin artırılmasından ibarətdir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan müvafiq monitorinqlər zamanı sənəddə göstərilən meyarlar monitorinqin keçirilməsi üçün əsas sorğu sənədi kimi istifadə olunacaq.
Mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinə, həmçinin, turistlərə və turizm sahəsi ilə əlaqəli şəxslərə müvafiq sənədlə tanış olmaları və standartın tələblərinə riayət etmələri tövsiyə olunur.