Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılması işlərinə başlanılıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla bağlı olaraq, ilkin mərhələdə ƏƏSMN-nin sifarişi əsasında Bakıda nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisinə hazırlıq işləri aparılır. Sonrakı mərhələdə digər bölgələrdə də belə laboratoriyaların yaradılması reallaşdırılacaq.
Hazırda laboratoriyalar üçün xarici ölkələrdən müasir texniki avadanlıqlar alınaraq gətirilib və onların Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınaraq sertifikatlaşdırılması istiqamətində də işlər aparılır.
Laboratoriyalar tərəfindən ilk növbədə istehsal sahələrində əmək şəraitinin
ekspertizası, insan sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji
amillərin, toksiki maddələrin tədqiq olunması təmin ediləcək. Hər hansı iş yerində
işçilərin həyat və sağlamlığına mənfi təsir göstərən amillər aşkarlandığı təqdirdə
həmin müəssisə ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək.