Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 28 saylı binanın yaxınlığında ağacların qanunsuz olaraq qırılması barədə şikayət daxil olub. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Şikayət Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda yaş köküstə 48 ədəd müxtəlif diametrli və müxtəlif cinsli ağacın fiziki şəxs Əlqəmə Cəfərov tərəfindən kəsilməsi faktı aşkar olunaraq barəsində akt və protokol tərtib olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq qanun pozucusu fiziki şəxs qismində inzibati qaydada 57600 manat məbləğində cərimə olunub.
Sözügedən ünvanda tikinti işlərinin dayandırılması və ərazidə yeni yaşıllıqların salınması ilə bağlı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə müraciət olunub.