Nazirlik açıqladı: “Vətəndaşlar daha çox antibiotiklərdən zəhərlənir”
14 yanvar 2014 15:15 (UTC +04:00)

Nazirlik açıqladı: “Vətəndaşlar daha çox antibiotiklərdən zəhərlənir”

“2013-cü ildə 482 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı  Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə müraciət edib və həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib”. Bunu Lent.az-a açıqlamasında  Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Şöbə müdirinin sözlərinə görə, 2012-ci ildə bu rəqəm 500-dən çox olub: “Bu da onu deməyə əsas verir ki, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayında azalma olub”.

 

Şöbə müdiri ötən il ərzində dərmandan baş vermiş zəhərlənmələrin də statistikasını açıqlayıb: “2013-cü ildə dərmanların allergik və əlavə təsirləri ilə bağlı Klinik Tibbi Mərkəzə 132 müraciət olub. Bu cür hallarla bağlı ölüm faktı qeydə alınmayıb”. Onun sözlərinə görə, dərmandan zəhərlənmələrə əsas səbəb orqanizmdə yaranan allergik və əlavə təsirlərdir. Lakin vətəndaşlar daha çox antibiotik dərmanlardan zəhərlənirlər. 2012-ci ildə isə allergik reaksiyalarla bağlı Mərkəzə 221 müraciət edilib”.

 

 

A. Maqsudov onu da vurğulayıb ki, alkoqollu sərxoşluqla bağlı müraciətlər olsa da, həmin şəxslər Klinik Tibbi Mərkəzdə qeydiyyatdan keçmirlər. Onlara yalnız məsləhətlər verilir: “2012-ci illə müqayisədə ötən il bu tip müraciətlərdə artım olub”.

 

A.Maqsudov bildirib ki, ümumilikdə 2013-cü ildə Klinik Tibbi Mərkəzə 1230 müraciət daxil olub: “2012-ci ildə isə Mərkəzə 628 müraciət daxil olmuşdu”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2266

Oxşar yazılar