Martın 11-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak hüququ qazanmış müəllimlərin bir qrupu və sınaq dərslərinin təşkil edildiyi məktəblərin direktorları ilə görüş keçirilib. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Təhsil naziri Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinə 2013-cü ildə 481 nəfərin sənəd təqdim etdiyini, onlardan 477-sinin qiymətləndirildiyini deyib. O, bildirib ki, müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində müsabiqənin qalibi olmuş müəllimlərdir.
Nazir iştirakçıların nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayıb. Qeyd olunan təhsil müəssisələrində müvafiq şəraitin yaradılacağını vurğulayıb və dərsləri qiymətləndirəcək ekspert komissiyalarının fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.
Bütün sınaq dərslərinin videoçəkilişinin aparılacağını qeyd edən nazir dərsin qiymətləndirməsinin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı verildiyini nəzərə çatdırıb. Hər bir mərhələnin nəticələrinə əsasən, müsabiqə iştirakçılarının yekun balı müəyyən olunacaq.