Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə səfərdə olan Latviya Respublikasının səhiyyə nazirinin müavini Rinalds Muçins ilə görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Latviya əlaqələrinin yüksələn xətlə davam etdiyini vurğulayan N. Məmmədov iki ölkə arasında əməkdaşlığın tibbi-sosial ekspertiza xidməti və əlillərin reabilitasiyası sahəsində də gücləndirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.
R. Muçins ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına həmişə xüsusi önəm verdiyini qeyd edərək, müvafiq sahələrdə əməkdaşlıq üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.
Görüşdə tibbi-sosial ekspertiza xidmətinin beynəlxalq standartlar əsasında müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun qurulması sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin aparılması ilə bağlı məsələ nəzərdən keçirilib.
Nazir müavinləri qeyd olunan sahədə mütəxəssis heyəti üçün qarşılıqlı təlim səfərlərinin təşkili, əlilliyi olan şəxslər üçün reabilitasiya proqramlarının hazırlanması ilə bağlı Latviya təcrübəsinin öyrənilməsi, əlillərin bərpa mərkəzlərində sosial reabilitasiya yönümlü xidmət mexanizminin qurulması üzrə qabaqcıl layihələrin mübadiləsi, ölkəmizdəki əlillərin Latviyadakı «Vaivari» Milli Reabilitasiya Mərkəzində bərpa müalicəsinin təşkili və digər sahələrdə də əməkdaşlığa dair müzakirələr aparıblar.