Nazir fəlakətin fəsadlarından danışdı - YENİLƏNİB
16 aprel 2013 16:00 (UTC +04:00)

Nazir fəlakətin fəsadlarından danışdı - YENİLƏNİB

Zaqatala rayonunun Suvagil kəndində şəhid Akif Qədirov adına 2 saylı orta məktəbin açılışı olub.


APA-nın xəbərinə görə, ötən il may ayında baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşdüyü üçün yenidən tikilən orta məktəbin açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.  

 

 

Mərasimdə çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov deyib ki, ötən ilin may ayında baş verən zəlzələ nəticəsində rayonda 23 məktəb binası qəzalı vəziyyətə düşüb. Onların böyük əksəriyyəti tikilərək təhvil verilib. Şöbə müdiri rayonda təhsil sahəsinə göstərdiyi diqqətə görə təhsil işçiləri adından ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

 

 

Nazir Kəmaləddin Heydərov Azərbaycanın zəlzələdən zərər çəkən bölgəsində ölkə başçısının tapşırığına əsasən, tikinti işləri aparıldığını, qəzalı olması barədə rəy verilən evlər və sosial obyektlərin yenidən tikildiyini, təmir olunaraq istifadəyə verildiyini deyib.

 

 

K. Heydərov təmir üçün əhaliyə kompensasiyalar paylandığını, artıq aparılan tikinti işlərinin yekunlaşmaq üzrə olduğunu qeydə edərək, görülən işlərin ölkə başçısının daim diqqətində olduğunu vurğulayıb.

 

 

Nazir orta məktəbin şagird və müəllim kollektivinə uğurlar arzulayıb.

 

 

Valideynlər və təhsil işçiləri məktəb yenidən qurularaq istifadəyə verildiyi üçün ölkə rəhbərliyinə təşəkkürlərini çatdırıblar

***

14.32

Qax rayonunun Ləkid kəndində ötən ilin may ayında baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşən orta məktəbin açılışı olub.


 

APA-nın xəbərinə görə, açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.

 

Məktəb binası zəlzələdən sonra qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən tikilib. 420 şagird yerlik orta məktəb binasının açılışında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev deyib ki, zəlzələ baş verəndən bəri Qax camaatı daim dövlət qayğısını öz üzərində hiss edib. Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal tikinti işlərinə başlanıb və rayonda qısa zamanda xeyli sayda yaşayış evi və orta məktəb binaları tikilərək təhvil verilib.

 

Qeyd olunub ki, ötən ilin may ayında baş verən zəlzələ nəticəsində Qax rayonunda olan 56 məktəbdən 11-i qəzalı vəziyyətə düşüb. Onlardan 10-u artıq tikilib təhvil verilib. Qalan 1 məktəbdə aparılan tikinti yekunlaşmaq üzrədir.

 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən il may ayında baş verən zəlzələdən sonra prezident İlham Əliyevin şimal-qərb bölgəsinə səfər etdiyini, zəlzələnin fəsadların dərhal aradan qaldırılması üçün zəruri tapşırıq və göstərişlər verdiyini xatırladıb. Zəlzələnin təbiət hadisəsi olduğunu qeyd edən nazir fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasında dövlət qurumları ilə birgə yerli camaatın da böyük əzmkarlıq nümayiş etdirdiyini deyib.

 

Nazir çıxışında orta məktəbdə təhsil alacaq şagirdlərə uğurlar arzulayıb.

 

Qeyd edək ki, bu il aprelin 1-nə olan statistikaya görə, Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir.

 

Bu günə qədər 26 məktəb binası, 1 uşaq bağçası istifadəyə verilib. Qısa müddətdə Zaqatalada daha 8, Qaxda 1, Şəki şəhərində 1 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır.

 

Bu il aprelin 1-nə qədər zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq  17 milyon 734 min manat yardım ödənilib.

# 2272
avatar

Oxşar yazılar