Müvəkkil bankların “girov oyunu” – ARAŞDIRMA
30 may 2013 13:20 (UTC +04:00)

Müvəkkil bankların “girov oyunu” – ARAŞDIRMA

Bakıda daşınmaz əmlakı olmayan sahibkarlar dövlətin güzəştli kreditləşmə proqramından yararlana bilmir

 

“İki ildən artıqdır ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almaq istəsəm də, buna nail bilmirəm. Hər dəfə sənədləri hazırlayıb verirəm müvəkkil banklara. Onlar isə kreditin dəyəri həcmində girov qismində Bakıda mənzil, ya başqa mülk tələb edir. Amma mənim Bakıda nə evim var, nə də başqa mülküm, ona görə də dövlətin sahibkarlara ayırdığı güzəştli kreditlərdən mənə vermirlər”.

 

Ağcabədi rayonundan olan fermer Akif Məmmədovun narahatlığının çox ciddi səbəbləri var. Onun üzləşdiyi problem Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə kredit almaq istəyən sahibkarların çoxuna tanışdır. Xüsusilə də regionlarda sahibkarlıqla məşğul olan fermerlərin, öz biznesini qurmaq və ya inkişaf etdirmək istəyən sahibkarların bəlkə də hamısı müvəkkil kredit təşkilatlarının bu cür sərt şərtləri ilə qarşılaşır. Bu isə onsuz da bütün resurslara çıxış imkanı məhdud olan bölgələrdə sahibkarlığın dəstəklənməsinə yönəldilən kreditlərə əlçatanlığı xeyli çətinləşdirir. Neçə ki, Akif Məmmədov süni şəkildə yaradılan bu çətinlikləri aylar, illər boyunca yaşayır: “Rayonda yaşayan adamam, təsərrüfatım, bütün işim-gücüm rayondadır. Rayonda yaşayan, rayonda işləyən fermerin Bakıda 50-60, yaxud 100 min manatlıq mülkü hardandır?! Bakıda bu boyda mülküm olsa, heç dövlətdən kredit götürməyə ehtiyacım da olmaz”.

 

 

***

 

 

2002-ci ildən İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyətə başlaması regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarını xeyli genişləndirib. Fondun əsas məqsədi qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin inkişafını stimullaşdırmaq, başlıca vəzifəsi və funksiyası isə məhz yerli sahibkarların biznes fəaliyyətinə maliyyə dəstəyi verməkdir. Elə Akif Məmmədov da dövlətin bu dəstəyinə arxalanaraq necə deyərlər, əl-qolunu çirməyib işə başlayıb. O, hələ 2007-ci ildə sahibi olduğu 10 hektar torpaq sahəsində heyvandarlıq və əkinçiliklə məşğul olmaqla böyük bir təsərrüfat yaradıb. 2010-cu ildə isə “Aqrarkredit” QSC-dən güzəştli şərtlərlə 10 min manat kredit götürdükdən sonra başçılıq etdiyi fermer təsərrüfatının iqtisadi imkanları xeyli genişlənib. Dediyinə görə, həmin 10 min manatla ətlik və südlük heyvanların saxlanması və yemlənməsi üçün lazım olan şəraiti yaradıb, dövlətin aqrar sahədə prioritet istiqamətlərinə əsaslanaraq taxılçılığa daha çox üstünlük verib: “Cəmi bir ildən sonra təsərrüfatdan götürdüyümüz qazanc hesabına həm kreditin faizlərini ödədik, həm də 10-15 ailə burda işləyib dolandı.  Krediti də nümunəvi sahibkar kimi vaxtından əvvəl qaytardıq”.

 

2011-ci ilin ortalarından təkrar kredit götürmək istəyən Akif Məmmədov bu dəfə çox ciddi problemlərlə üzləşib. Belə ki, “Aqrarkredit” QSC vəsaitin olmadığını əsas gətirərək onun investisiya layihəsini maliyyələşdirməkdən imtina edib. Digər kredit təşkilatları da müxtəlif bəhanələrlə ona kredit verməkdən yayınıb.

Bundan sonra SKMF-nin dəstəyindən bəhrələnmək istəyən sahibkar başqa bir problemlə üzləşib. Belə ki, güzəştli şərtlərlə SKMF-nin vəsaitlərini sahibkarlara çatdırmalı olan müvəkkil bankların tələbi və şərtləri onu bu dəstəkdən də məhrum edib. Halbuki Akif Məmmədov SKMF-dən almaq istədiyi güzəştli kreditin sahibi olduğu təsərrüfat üçün həyati əhəmiyyət daşıdığını söyləyir. Deyir ki, kənd təsərrüfatı, xüsusilə əkinçilik həm də iqlim şəraitindən asılı olduğundan təsərrüfatın gəlirini-çıxarını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Buna görə də yüksək məhsuldarlıq üçün dayanıqlı resurslar olmalıdır. Onun fikrincə, bu resursların hamısı maliyyə təminatına bağlıdır: “Dövlət sahibkarlara maliyyə dəstəyi verir. Amma elə mürəkkəb şərtlər qoyurlar ki, rayonda iş quran kiçik sahibkarlar, fermerlər güzəştli kredit ala bilmir, biznes layihələrinin maliyyələşdirilməsində ciddi çətinliklərlə üzləşir. Mənim özüm Sahibkarlığa Kömək Milli Fondundan kredit götürə bilmirəm, hansı banka müraciət edirəmsə, kreditin müqabilində Bakıdan girov tələb edir”.

 

Ağcabədili fermer bu problemlərə görə SKMF-ni deyil, müvəkkil kredit təşkilatlarını günahkar sayır. Onun sözlərinə görə, sahibkarlar özlərinin biznes layihələrini Fonda təqdim etməkdə ciddi problemlərlə üzləşmir. Ancaq kredit vəsaitlərinin ayrılması birbaşa müvəkkil bankların qərarından asılı olduğundan əsas bürokratik əngəllər də maliyyələşmənin məhz bu mərhələsində ortaya çıxır.

 

Güzəştli kreditləşmə üçün 9 “qızıl” qayda

 

Xatırladaq ki, SKMF güzəştli kreditləri kiçik, orta və böyük həcmli kreditlər kimi təsnifləşdirilir. Kiçik həcmli kreditlər məbləği 10 min manatadək olmaqla 3 il müddətinə, orta həcmli kreditlər 500 min manatadək olmaqla 5 il, böyük həcmli kreditlər isə 10 milyon manatadək olmaqla 7 il müddətinə verilir. Dövlətin sahibkarlığa dəstək məqsədilə güzəştli şərtlərlə ayırdığı bu kreditlər illik 6-7 faizlə verilir. Hazırda Fondun vəsaitləri 43 müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlara çatdırılır. “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları” SKMF-nin vəsaitlərinin verilməsi mexanizmi aydın şəkildə göstərilir. Doqquz qaydadan ibarət bu mexanizm sahibkar-müvəkkil bank-SKMF arasındakı qarşılıqlı münasibətlərin necə tənzimlənməli olduğu da əksini tapıb:

 

1. Sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatlarına müraciət edir.

 

2. Müvəkkil banklar 10 bank günündən gec olmayaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirilən layihələrə dair məlumatları sənədlərlə birlikdə SKMF-yə göndərir.

 

3. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə 3 bank günü müddətində imtina məktubu verilir.

 

4. Fond ona təqdim olunmuş layihələri 10 bank günü ərzində ekspertizadan keçirir, investisiya layihələrinin bilavasitə yerindən ilkin monitorinqini aparır.

 

5. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunması və ya ondan imtina edilməsi barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

 

6. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlayır.

 

7. Müvəkkil kredit təşkilatları vəsaitlərin ayrılması barədə Fonda sifariş göndərir.

 

8. Fond 3 bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir.

 

9. Ayrılmış vəsait müvəkkil kredit təşkilatlarının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 bank günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür, bu barədə sahibkara və Fonda məlumat verir.

 

Göründüyü kimi, bu qaydaların ilk 3 bəndi SKMF-dən güzəştli kredit almaq istəyən sahibkarları müvəkkil banklardan asılı vəziyyətə salır. Belə ki, qaydaların 1-ci bəndinə əsasən, güzəştli kreditlərdən bəhrələnmək istəyən sahibkarlar sənədlərini SKMF-yə deyil, müvəkkil banklara təqdim etməlidir. Müvəkkil banklar məhz bu qaydalara əsaslanaraq sahibkarlıq subyektləri ilə münasibətdə özünün ayrıca şərtlərini müəyyən edir. Bu şərtlərdə isə başqa bir dövlət qurumunun, yəni SKMF-nin vəsaitlərini sahibkarlara çatdıran müvəkkil kredit təşkilatları mümkün riskləri sığortalamaq məqsədilə girov tələbi qoyulur. Ancaq məsələ ondadır ki, nə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nda, nə də müvəkkil kredit təşkilatlarının özünün müəyyən etdiyi qaydalarda girovun sahibkarlıq subyektinin yerləşdiyi ərazidən kənarda olmasını özündə əks etdirən tələb yoxdur. Elə sahibkarları narazı salan da məqam da budur. Akif Məmmədov deyir ki, müvəkkil kredit təşkilatlarının girov təminatını investisiya layihələrinin bilavasitə aid olduğu rayondan deyil, məhz Bakıda istəməsi haqsız və qanunazidd tələbdir: “Əslində vəsait Sahibkarlığa Kömək Milli Fondunundur, bankların fermerlərin, yaxud sahibkarların layihələrini bəyənməmək səlahiyyəti yoxdur. Amma onlar layihələri nəinki geri qaytarır, hətta şərt qoyur ki, yalnız Bakı şəhərində yerləşən mülklər girov təminatı kimi qəbul olunur. Bu tələb isə regionlarda fəaliyyət göstərən sahibkarların güzəştli kreditlərə əlçatanlığına ciddi maneələr yaradır”.

 

SKMF-nin pulu, müvəkkil bankların girovu

 

İqtisadi İnkişaf Nazirliyində SKMF-in güzəştli kreditlərinə əlçatanlığının olmaması barədə ittihamlarla razılaşmırlar. Nazirlikdə Lent.az-ın sorğusuna cavab olaraq bildirirlər ki, müvəkkil kredit təşkilatları “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq SKMF-nin vəsaitlərini öz adları və riskləri hesabına yerləşdirir və sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi barədə qərarları müstəqil olaraq qəbul edirlər. Bundan əlavə, “Banklar haqqında” qanuna əsasən,  kredit təşkilatları cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və onların kredit təşkilatlarının fəaliyyətinə qarışması yolverilməzdir.

 

Nazirlikdə deyirlər ki, bu qurum öz səlahiyyətləri çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sahibkarlığın inkişafına münasibətdə diversifikasiya, yəni iqtisadiyyatın şaxələndirilməsi, müvafiq dövlət təşkilatlarının qarşılıq fəaliyyət prinsiplərini qorumağa çalışır. Məhz bunun nəticəsidir ki, ötən il sahibkarlara verilən güzəştli kreditlərin 68 faizi regionlarda fəaliyyət göstərən iş adamlarının payına düşür.

 

Bankların regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərindən Bakıda əmlak girovu tələb etməsinə isə nazirliyin cavabı belədir: “Sahibkarlığa Kömək Milli Fondu ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki “Aqrarkredit” Agentliyi də fermerlərə, sahibkarlara verdiyi güzəştli kreditləri müvəkkil müvəkkil banklar vasitəsilə ayırır. Yəni burada riski həmin müvəkkil kredit təşkilatları daşıyır. Nəzərə almaq lazımdır ki, müvəkkil kredit təşkilatlarının özləri də bir sahibkardır və onların da mənafeləri qorunmalıdır. Onlar da öz işlərini ehtiyatlı tutur və sahibkarların layihələrini maliyyələşdirərkən risklərdən qorunmaq üçün müəyyən girovlar tələb olunur. Təbii ki, bunların hamısı qanunvericiliklə müəyyən olunmuş qaydada tənzimlənir”.

 

Bankların öz siyasəti var

 

SKMF-nin müvəkkil kredit təşkilatlarından olan Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev Fondun kreditlərindən istifadə zamanı mövcud qaydalardan kənara çıxmırlar. Onun sözlərinə görə, güzəştli kredit üçün SKMF-nin prioritetləri üzrə investisiya layihəsi təqdim edən bütün sahibkarların sənədləri heç bir ayrı-seçkiliyə yol verilmədən Fonda göndərilir. Daha sonra Fond müvafiq sənədləri araşdıraraq banka cavab göndərir: “Sahibkarın layihəsinin maliyyələşdirilməsi müvəkkil banklardan daha çox Fondun özündən asılıdır. Fond təqdim olunan layihələri özünün elan etdiyi prioritet istiqamətlərə uyğun hesab edirsə, onun rəyi əsasında həmin layihənin maliyyələşməsi banklar tərəfindən təmin olunur”.

 

Bununla belə, Rauf Ağayev müvəkkil təşkilatların regionlarda fəaliyyət göstərən sahibkarlardan Bakıda girov təminatı tələb etməsində qanunazidd məsələ olmadığını deyir. Onun sözlərinə görə, müvəkkil kredit təşkilatların Bakıdan girov tələb etməsi bankların risklərdən sığortalanması vasitəsidir: “Girov qismində sahibkarlardan yalnız paytaxtda daşınmaz əmlak tələb edilməsi bankın risklərdən sığortalanması ilə bağlıdır. Çünki hazırda ölkədə problemli kreditlərinin həcmi sürətlə artır və belə şəraitdə banklar vəsaitləri ayırarkən belə bir addım atmağa məcburdur. Amma bu, hər yerdə belə deyil, hər bir bankın öz siyasəti var. Ola bilər ki, banklar risklərdən sığortalanmaq üçün belə bir addım atırlar. Problemli kreditlər hər bir bank üçün təhlükəli olduğundan onlar bu tip məsələlərə ehtiyatla yanaşırlar”.

 

Diversifikasiya prinsipləri gözlənilirmi?

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də müvəkkil kredit təşkilatların risklərdən maksimum dərəcədə sığortalamaq istəyini normal hesab edir. Amma onun sözlərinə görə, mövcud qaydalarda SKMF-nin güzəştli kredit əldə etmək istəyən sahibkardan Bakıda daşınmaz əmlakın girov kimi qoyulması şərti yoxdur: “Lakin banklar müstəqil qurumlardır və onlar kredit siyasətində sərbəstdirlər. Amma əgər dövlət sahibkarlara güzəştli kredit verilirsə, müvəkkil banklar investisiya layihəsinin bilavasitə həyata keçirildiyi rayonda ona təklif edilən daşınmaz əmlakı girov təminatı kimi qəbul etməlidir. Bu, mümkün deyilsə, aidiyyəti qurumlar müvəkkil bankların risklərini bu və ya digər formada öz üzərinə götürməli, yaxud da onlara müəyyən güzəştlər tətbiq olunmalıdır”.

 

Samir Əliyev müvəkkil kredit təşkilatlarının yalnız Bakı şəhərində daşınmaz əmlakı olan sahibkarlara kredit verməsini yalnız bir amillə əlaqələndirir. Onun sözlərinə görə, paytaxta daşınmaz əmlakın qiyməti regionlardakı eyni mülklərlə müqayisədə bir neçə dəfə bahadır. Üstəlik kreditlərin geri qaytarılmasında risk yaranacağı halda Bakıda girov qoyulan daşınmaz əmlakı daha tez satmaq mümkündür: “Bu səbəbdən də banklar Bakıda yerləşən daşınmaz əmlakı girov kimi qəbul etməyə meyl göstərirlər. Çünki bölgələrdə əmlak ucuz olmaqla yanaşı, onu satmaq da çətindir”.

 

Bununla belə, regionlarda fəaliyyət göstərən sahibkarlardan elə regionlarda qurduğu işə görə Bakıdan mülk tələb olunması ən azı sosial ədalət prinsiplərinə ziddir. Kəndlinin Bakıda əmlakı yoxdursa, müvəkkil bankın ondan paytaxtda girov kimi əmlak tələb etməsi faktiki olaraq ona kredit ayırmaqdan imtina etmək deməkdir. El dil ilə desək, sözkəsənlik! Ekspertlər isə bildirirlər ki, SKMF-nin kredit vəsaitlərinin risklərdən qorunması üçün xüsusi sığorta təşkilatının yaradılmasına ehtiyac var. Bu sığorta təşkilatı həm də kənd təsərrüfatı məhsullarının sığortalanmasını həyata keçirməklə sahibkarları da mümkün risklərdən qoruya bilər. Digər mühüm məsələ isə sahibkarlığın dəstəklənməsi proqramlarında iqtisadi diversifikasiya prinsiplərinin nəzərə alınması ilə bağlıdır. Nəzərə alsaq ki,  sahibkarlığın güzəştli kreditləşdirilməsinin əsas məqsədi regionlarda qeyri-neft sektorunun inkişafını stimullaşdırmaqdır, onda diversifikasiya prinsiplərinə uyğun olaraq kreditlərə əlçatanlığın təmin olunması, bu vəsaitlərin iqtisadi səmərəliliyi üçün lazımı şərait də yaradılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1697
avatar

Elxan Salahov

Oxşar yazılar