ABŞ-ın Şimali Karolina ştatında qadın ərini öldürməyə cəhd etdiyi üçün saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 43 yaşlı terapevt Şeril Harris Qeyts həyat yoldaşının enerji içkisinə güclü dərman maddələri qataraq, onu öldürmək istəyib.
Qeyd olunub ki, qadın bunu etməzdən əvvəl ChatGPT ilə məsləhətləşib.
İstintaqçılar onun zəruri maddələri araşdırdığını, əldə etdiyini və planını həyata keçirməyə cəhd etdiyini sübut edən dəlillər aşkarlayıblar. Qadının evindəki iş otağında şprislər, kapsul doldurma dəsti, tibbi pipetlər, tərəzilər, dərmanlar və digər maddi sübutlar tapılıb.
Zərərçəkmiş kişi 12 iyul və 18 avqust tarixlərində iki dəfə huşunu itirdiyini və içkisində yad maddə aşkar etdiyini bildirib. Məlumata görə, həmin vaxt cütlük artıq birgə yaşamırmış.
Hazırda Qeytsə birinci dərəcəli adam öldürməyə cəhd, həmçinin zərər yetirmək məqsədilə qida və içkiləri zəhərləmə ittihamları irəli sürülüb. Bundan əlavə, ötən həftə o, təqib və əmlakın zədələnməsi ilə bağlı əlavə ittihamlarla da üzləşib. Həbs orderinə əsasən, o, həyat yoldaşının avtomobilinə izləmə cihazı quraşdırıb və evinin pəncərəsini sındırıb.