Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Kürmük məbədi – Azərbaycanın maddi-mədəni irsidir” mövzusunda dəyirmi masa keçirilib. Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tarix elmləri doktoru Həcər Verdiyeva dəyirmi masanı açaraq Azərbaycanın bəşər mədəniyyətinin mərkəzlərindən biri olaraq ulu əcdadlarımızın müxtəlif çalarlı mədəni dəyərlərə sahib olduğunu diqqətə çatdırmış və ölkəmizin ərazisində tarixin müxtəlif dövrlərinə aid yüzlərlə maddi-mədəniyyət abidələrinin mövcud olduğunu bildirib. Tədbir zamanı Azərbaycan tarixinin Qafqaz Albaniyası dövrü həqiqətlərinin daşıyıcısı olan tarixi abidələr dəyirmi masa iştirakçılarının - tarixçilər, arxeoloqlar, etnoqraflar, filoloqların əsas müzakirə mövzusu olmuşdur. Dəyirmi masada Azərbaycan Respublikasının Qax rayonunda yerləşən Kürmük məbədinin çoxçalarlığı vurğulanaraq, əcdadlarımızın dini inanclarının rəmzi abidəsi olduğu diqqətə çatdırılıb. Çıxış edən məruzəçilər, tarix elmləri doktoru M.Paşayeva, tarix elmləri namizədləri M.Xəlilov, T.Əliyev, E.Vəliyev və tədqiqatçı-arxeoloq B.Məmmədova əldə edilən faktiki materiallar əsasında ölkənin Şimal-qərb bölgəsində qorunan maddi-tarixi abidələr haqqında maraqlı məlumatlar verərkən, bu abidələr silsiləsində Kürmük məbədinin özünəməxsus yer tutduğunu vurğulanıb, Azərbaycan xalqının sələflərinin dini inanclarının, politeizmdən – monoteizmə keçən davamlı yolun abidəsi olduğunu bildiriblər. Məruzələr ətrafında aparılan fikir mübadiləsi zamanı, AMEA-nın müxbir üzvləri F.Məmmədova, İ.Babayevi, tarix elmləri doktorları, professorlar Q.İsmayılov, A.İsgəndərlin, M.Əmrahov, tarix elmləri doktoru H.Verdiyeva, filologiya elmləri doktoru İ.Cəfərsoy, siyasi elmləri namizədi M.Əliyeva, tarix elmləri namizədləri Y. Nəsibov, F.Əhmədova, Ş.Əliyev, Ü.Hacıyeva, N.Mustafa, R.Hacıyev, Bakı Slavyan Universitetinin “Azərbaycan Multikulturalizmi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru A.Qəhrəmanlı, Millətlərarası mutikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi, ilahiyyət üzrə fəlsəfə doktoru C.Məmmədov, bu Xidmətin məsləhətçisi, S.Hüseynov belə bir nəticəyə gəliblər ki, erkən orta əsrlər dövründən daha qədim zamanın şahidi olan, ibtidai dinlərin ziyarətgahından, xristian dini abidəsinə çevrilən Kürmük məbədi, Qafqazın qədim xristian kilsəsi olan Alban apostol avtokefal kilsəsinin bir nümunəsi olaraq, eyni zamanda Azərbaycan xalqının uzaq keçmişdə yaşadığı politeist dinlərin də daşıyıcısı, ”Selena”(Ay) məbədi olmaqla sinkretik bir abidədir. Bu reallığı əsas götürən dəyirmi masa iştirakçıları belə bir tarixi həqiqətləri diqqətə gətiriblər ki, Kürmük məbədi Azərbaycan xalqının tarixi yaddaş abidəsi, Azərbaycanın maddi-mədəni irsidir və bu maddi-mədəni irsin varisi də Azərbaycan xalqıdır.
Dəyirmi masada həmçinin Qafqaz Albaniyasının mədəni-mənəvi mühiti və bu mühitin mövcud olduğu zamanların ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” eposu haqqında da fikir mübadiləsi aparılmış, növbəti dəyirmi masanın məhz “Qafqaz Albaniyası və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda keçirilməsi qərara alınıb.