Təhsil Nazirliyi müəllimlərin əməkhaqqının hesablanması məsələsinə aydınlıq gətirib.
Lent.az-ın verdiyi məlumata görə, müəllimlərin əməkhaqqı dərs dediyi şagirdlərin sayına görə deyil, həftəlik dərs yükünün miqdarına görə hesablanır.
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə (2.6.-cı bənd), ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Mövcud qaydalara (Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli, 9 nömrəli qərarı) görə, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.
Qeyd edilənlərlə əlaqədar hər hansı bir sinfin göstərilən şagird sayından artıq sayda komplektləşdirilməsi düzgün deyil. Təhsil Nazirliyi onu da bildirir ki, bəzən siniflərin normativdən artıq sayda komplektləşdirilməsi məktəbdə sinif otaqlarının çatışmazlığı səbəbindən baş verir.