“Artıq teleradio ilə bağlı olan vəziyyət bu sahədə ixtisaslaşmış təhsil müəssisəsinin yaradılmasını tələb edir”. Lent.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bir vaxtlar televiziya və radio kanallarında çalışan jurnalistlərin sayı həddindən artıq az idi. Amma hazırda respublikada 9 ümumrespublika yayımçısı, 14 regional televiziya kanalının fəaliyyət göstərdiyini deyən MTRŞ sədri qeyd edib ki, burada çalışan insanların sayı getdikcə artır: “Hazırda internet televiziya və radiolarında çalışanların sayı getdikcə artır. Artıq böyük bir təbəqə əmələ gəlib və bu sahə ilə məşğul olan çoxsaylı jurnalist kollektivi var. Onların fəaliyyətini ixtisas baxımından tənzimləmək üçün Teleradio Akademiyasının yaranmasına ehtiyac yaranıb. Bu vacibdir. Bundan əlavə, Azərbaycanda televiziya və radio verilişləri ilə bağlı Xüsusi Dövlət Fondunun yaradılmasına ehtiyac yaranır. Çünki Azərbaycanın teleradio kanallarında Azərbaycan xalqı, dövləti üçün vacib olan teleradio verilişləri var ki, onlar ayrıca dövlət arxivində və ya fondda saxlanılmalıdır. Bunlar artıq vacib məsələlərdir. Zamanı gələndə biz bu məsələ ilə bağlı təkliflər verəcəyik”.
MTRŞ Xüsusi Dövlət Fondunun yaradılmasını təklif etdi
415