Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin I Tibb Forumu
30 aprel 2013 22:18 (UTC +04:00)

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin I Tibb Forumu

Aprelin 30-da Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən azərbaycanlı həkimlərin I Tibb Forumu keçirilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,
Azərbaycanın Səhiyyə, Gənclər və İdman nazirlikləri, İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən bu tədbirdən başlıca məqsəd Azərbaycan və Rusiya səhiyyəsinin bir çox sahələrinin nümayəndələri arasında sıx əməkdaşlığı inkişaf etdirmək, habelə tibb sahəsində gənc mütəxəssislərin Azərbaycanda işlə təmin edilməsi proqramının gerçəkləşdirilməsinə yardım göstərməkdir.
 

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev tədbiri açaraq, Birliyin bu layihəsinin əhəmiyyətindən danışmış, forumun keçirilməsinə dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla xanım Əliyevaya təşəkkürünü bildirmişdir.
Sonra Azərbaycanda səhiyyə sahəsinin inkişaf mərhələlərini əks etdirən film nümayiş etdirilib


Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev forumda çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev ölkədə səhiyyənin inkişafına, tibb kadrlarının yetişdirilməsinə və səhiyyə sahəsində təhsilin keyfiyyətinə həmişə qayğı ilə yanaşıb. Hazırda prezident İlham Əliyev respublikada səhiyyənin inkişafı istiqamətində səmərəli siyasəti uğurla davam etdirir. Dövlətimizin başçısının imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” sayəsində minlərlə gənc xaricdə, o cümlədən ən nüfuzlu ali tibb təhsili ocaqlarında elmin sirlərinə yiyələnir.

Nazir deyib: “Son 10 ildə Azərbaycanda səhiyyə sahəsinə ayrılan büdcə vəsaitinin həcmi 11 dəfə artmış, 500-dən çox tibb müəssisəsi tikilmiş və yenidən qurulub. Əksəriyyəti bölgələrdə yerləşən bu müəssisələrin hamısı ən müasir avadanlıqla təchiz edilib. Azərbaycanda dövlət tibb müəssisələrində əhaliyə tibbi xidmətlər pulsuz həyata keçirilir. Səhiyyənin inkişafı sahəsində dövlət proqramları tibbin ən mürəkkəb sahələrini əhatə edir. Ölkəmizdə böyrək çatışmazlığı kimi ağır xəstəliyin, dünya səhiyyəsi üçün aktual problem olan diabet xəstəliyinin müalicəsini dövlət öz üzərinə götürüb. Azərbaycanda 180 min diabet xəstəsi bütün zəruri preparatları pulsuz əldə edə bilir”.
 

Oqtay Şirəliyev vurğulayıb ki, bugünkü tədbirdən məqsəd Azərbaycan və Rusiya tibb müəssisələri arasında əlaqələri daha da möhkəmləndirmək və ən başlıcası yüksək ixtisaslı tibb kadrlarının hazırlanması işini inkişaf etdirməkdir.
 

Azərbaycan və Rusiya səhiyyələri arasında uzun illər davam edən sıx əməkdaşlıq münasibətlərindən danışan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, bu günlərdə İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetində görkəmli oftalmoloq alim, Rusiyanın səhiyyə dairələrində böyük nüfuza malik bir şəxsiyyət - Zərifə xanım Əliyevanın yubileyi keçirilib, ötən il isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Moskvada İ.M.Seçenev adına Birinci Dövlət Tibb Universitetinin fəxri professoru adı verilib. Bu, iki ölkənin səhiyyə dairələrinin qarşılıqlı ehtiramından və sıx əməkdaşlığından xəbər verir. Səfir vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə RAGB-ın belə bir əhəmiyyətli forum keçirməsi mühüm hadisədir. Polad Bülbüloğlu deyib: “Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolu ilə irəliləyir. Son illər Azərbaycan çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərə dünyanın hər yerindən qonaqlar qatılır. Həmin tədbirlərin Rusiya təmsilçiləri ilə hər görüşlərimdə onlar öz təəssüratlarını bölüşür, Azərbaycanın inkişafını vurğulayırlar. Əlbəttə, bütün bu islahatlar səhiyyə sahəsində də əks olunur. Bakıda və bölgələrdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Ancaq ən başlıcası isə bu müəssisələrdə çalışan bilikli və istedadlı, bacarıqlı həkimlərdir”.


Səfir forum iştirakçılarına uğurlar arzulayıb və Rusiyanın tibbi təhsil ocaqlarında azərbaycanlı tələbələrin öz vətənləri ilə əlaqələrini itirməyəcəklərinə, bilik və bacarıqlarını Azərbaycan xalqına xidmətə yönəldəcəklərinə ümidvar olduğunu bildirib.


N.N.Bloxin adına Uşaq Onkologiyası və Gemotologiya Mərkəzinin direktoru, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) akademiki, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, RTEA-nın müxbir üzvü, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Pyotr Litvitski, RTEA-nın akademiki, Lomonosov adına Moskva Dövlət Universitetinin Tibbi-Elmi Təhsil Mərkəzinin direktoru Yuri Belenkov çıxışlarında Azərbaycanda səhiyyə sahəsində keçirilən islahatlardan danışmış, Rusiya və Azərbaycan səhiyyələri arasında qarşılıqlı əlaqələrin dərin köklərə malik olduğunu diqqətə çatdırıblar.


Yüzdən çox gənc həkimin və 50-dən çox qonağın qatıldığı forum işini “Səhiyyə sahəsində dövlət proqramları”, “Cərrahiyyə və stomatologiya”, “Kadr siyasəti və müasir tibb avadanlığı”, “Ana və uşaqların mühafizəsi” mövzularında bölmə iclaslarında davam etdirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar