Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, layihənin müəllifi Rafael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsinə dəyişiklik ediləcək.
R. Cəbrayılovun sözlərinə görə, təklif olunan dəyişikliyə əsasən, sükan arxasında sərxoş vəziyyətdə ilk dəfə yaxalanan sürücü 6 aydan 2 ilə qədər sürücülük hüququndan məhrum olunacaq: “Hazırkı qanunvericiliyə görə, il ərzində iki dəfədən çox içkili vəziyyətdə, kiməsə xəsarət törətdiyi halda sükan arxasında yaxalanan sürücülər sürücülük hüququndan məhrum oluna bilər, amma bu da çox vaxt tətbiq olunmur. Çünki hazırkı maddəyə görə, il ərzində birinci dəfə sükan arxasında sərxoş vəziyyətdə qeydə alınan sürücülərə 300 manat cərimə tətbiq olunur ki, bu cərimə də artıq ənənəvi olaraq bütün hallarda tətbiq olunmağa başlayıb. Amma yeni dəyişiklikdən sonra bu cərimə yığışdırılacaq və birbaşa sürücülük hüququndan məhrumetmə sanksiyası tətbiq olunacaq. Yəni bütün hallarda il ərzində birinci dəfə olsa belə, sükan arxasında içkili vəziyyətdə yaxalanan sürücü dərhal sürücülük hüququndan məhrum ediləcək”.
Dünyanın bir çox ölkəsində bu sanksiyanın artıq tətbiq olunduğunu deyən layihə müəllifi Azərbaycanda bunun tətbiqi zərurətini son vaxtlar sərxoş sürücülərin məsuliyyətsizliyi ucbatından yol-nəqliyyat hadisələrinin artması ilə əsaslandırıb: “Biz bir müddət əvvəl cərimələri qaldırıb 300 manat etsək də, yenə effektiv olmadı. Çünki sükan arxasına içkili vəziyyətdə əyləşən sürücü o cəriməni verməyə də qadirdir. Ən optimal variant odur ki, həmin sürücüləri sürücülük hüququndan məhrum edək ki, heç sükan arxasında oturmasın”.
R.Cəbrayılov bildirib ki, layihə komitənin yaxın zamanlarda keçiriləcək iclaslarından birində müzakirəyə çıxarılacaq.