Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra hakimlər vəzifəsindən azad edilib, eyni zamanda İnqilab Nəsirov hakim təyin edilib. Lent.az-ın məlumatına görə, bununla bağlı layihələr barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclis Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifədən azad edib. O cümlədən İnqilab Maşallah oğlu Nəsirovun Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsi təqdim olunub. İ. Nəsirov uzun illərdir ki, hüquq-mühafizə orqanlarında, o cümlədən Mərkəzi Seçki Komissiyasında çalışıb. O, hazırda Ali Məhkəmənin hakimidir və səlahiyyət müddəti 2014-cü ilin iyunun 25-də başa çatır. Prezident İlham Əliyev onun yenidən hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib. Bundan başqa Zərbəli Şirinbala oğlu Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də təqdim olunub. O da bildirilib ki, azad olunan hakimlər iş yerlərini dəyişdirilməsi ilə əlaqədar vəzifələrindən azad olunmaları üçün ərizə yazıblar.
Bütün təqdimatlar səsə qoyularaq təsdiq olunub.