"Aydınlaşdırılmalıdır ki, ana və uşaq ölümləri hansı səbəbdən baş verir. Həkimin səhlənkarlığı, fəaliyyətsizliyi və kobud səhvləri varsa, mütləq cəzalandırmaq lazımdır. Həm də təkcə həkimi cəzalandırmaq yox, çalışdığı müəssisənin tibb müəssisəsinin məsuliyyət məsləsinə baxmaq lazımdır".
Bunu APA TV-yə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda son illərdə ana və uşaq ölümləri azalıb: "Ümumdünya göstəricilərinə görə, Azərbaycanda hər 100 min doğuşa 15-20 arasında ana ölümü düşür ki, bu da dünyanın inkişaf etmiş ölkələrinə yaxın bir göstəricidir".
Millət vəkilinin fikrincə, bu, həmin sahədə problemlərin olmadığını deməyə əsas vermir. Onun sözlərinə görə, ana və uşaq ölümlərinə daha çox rayon və kəndlərdə rast gəlinir. Deyir ki, istənilən ana ölümündə təkcə həkimi ya da hansısa klinkanı günahlandırmaq doğru deyil: "Elə olsaydı, heç dünya ümumiyyətlə ana ölümü olmazdı. Bu işə peşəkar yanaşılmalıdır və səbəblər öyrənilməlidir. Doğuş problemi bir günlük proses deyil. Burada ana da, ata da, ailə də müəyyən tibbi biliklərə malik olmalıdır. Ən azı bilməlidir ki, nə zaman müayinəyə getməlidir, hansı müayinələrdən keçməlidir. Yoxsa, 9 aya yaxınlaşanda ana klinikaya gəlir. Onda da gec olur".
Musa Quliyev bildirib ki, bütün bunlar nəzarət altında olmalıdır.