Meyvə mövsümündə əl yandıran qiymətlər - BAZARDAN REPORTAJ
29 oktyabr 2013 23:43 (UTC +04:00)

Meyvə mövsümündə əl yandıran qiymətlər - BAZARDAN REPORTAJ

Payız fəsli daha çox insanların yaddaşında meyvə mövsümü kimi qalır. Biz də baxaq görək indi bazarda hansı meyvə neçəyədir və əhali ala bilirmi?

 

APA TV paytaxtdakı bazarlardan birində çəkiliş aparıb. Hələ günorta olmasına baxmayaraq, bazarda alıcı azlığı müşahidə olunur. Satıcılar bunu mağazalarda və ya iri supermarketlərdə meyvələrin pərakəndə satışı ilə əlaqələndirirlər. İstədiyi meyvəni yaxınlıqdakı mağazadan ala bilən camaat bazara gəlməyə ehtiyac duymur. Lakin bazarla müqayisədə qiymətin 5-10 qəpik baha olması onların büdcəsinə ziyan vurur. Qiymətdən söz düşmüşkən, onu da deyim ki, bazarda istənilən növ meyvə tapmaq mümkündür, amma bu meyvələrin qiyməti də elə burada da fərqlidir. Payız mövsümünün ən bol meyvələri olan narın və xurmanın qiyməti 50 qəpiklə 1 manat 50 qəpik arasında dəyişir.

 

Bazarda 1 kq. almanı 50 qəpik  - 2 manata, feyxoanı 1,50 qəpiyə, xurmanı 1 manata, üzümü 80 qəpik -2 manata, heyvanı 1 manata, armudu 1 -2 manata almaq mümkündür. 

Alıcılar isə qiymətlərin bahalığından şikayətçidirlər.

 

“Meyvə çox bahadır. İndi meyvə mövsümüdür. Amma qiymətlər çox bahadır”.

 

Bazardakı bahalıqdan gileylənən alıcıların fikri ilə razılaşmayan satıcılar isə qiymətlərin münasib olduğunu deyirlər. Qiymətlərin süni şəkildə artırılmasından danışanda isə daş atıb başlarını tuturlar.

 

Müşahidələrimiz zamanı diqqətimizi bir məqam da cəlb etdi. Bazardakı piştaxtalarda səliqə ilə düzülüb alıcıların gözünü  oxşayan meyvələrin qiyməti ilə bazardan 10 addım kənarda pərakəndə şəkildə satılan meyvələrin qiyməti arasında yerlə göy qədər fərq var.

 

“Bazarın içindən fərqli olaraq, bayırda qiymətlər daha ucuzdur. Məsələn, içəridə 1 manata satılan nar bayırda 50 qəpiyədir”.

 

 Satıcılardan bunun səbəbini soruşanda məlum oldu ki,  qiymətlərin belə dəyişkən olması bazarda adambaşına düşən yerpulunun fərqli olması ilə bağlıdır.

 

 

Yeri gəlmişkən, deyim ki, bazarda təkcə yerli məhsullar  yox, həm də qonşu ölkələrdən gətirilən meyvələr də satılır. Özü də yerli məhsullardan daha baha.

 

 “İrandan gətirilən bu kişmişi üzümün 1 kilosu 3 manatdır. Amma yerli üzümlər 1 manata satılır. Satıcılardan alıcıların hansı üzümə üstünlük verdiyini xəbər aldıqda, yerli məhsulun daha çox satıldığını deyirlər”.

 

Hər halda, biz paytaxt bazarlarından birində müşahidə apardıq. Nəzərə alsaq ki, bölgələrdə bu meyvələr ya ağacda qalır, ya da yerə tökülüb xarab olur, o zaman qiymətlərdə balansı gözləmək daha doğru olardı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1799
avatar

Oxşar yazılar