Mətbuat Şurasının sədri Əflatun Amaşov qarşıdakı bir il müddətində Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinə sədrlik edəcək. MŞ-dən Lent.az-a verilən məlumata görə, bu barədə qərar qurumun sentyabrın 27-dən 29-dək Odessada keçirilən illik toplantısında qəbul edilib. Belə ki, MDB-nin medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı gələn il Bakıda keçiriləcək.
Söz və ifadə azadlığının müxtəlif aspektlərinin də nəzərdən keçirildiyi toplantıda şəbəkənin məsul katibi MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təsdiqlənib.
Qeyd edək ki, Odessada baş tutan illik toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. Ə. Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məruzə edib. Toplantıda həmçinin özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri müzakirəyə çıxarılıb.