İyulun 14-də Təhsil Nazirliyində milli mətbuatın 140 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov, mətbuat şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, “Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin sədr müavini İbrahim Məmmədov, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak etdiyi tədbirdə nazirliyin internet saytının (www.edu.gov.az) yeni versiyasının təqdimatı olub.
Tədbirdə çıxış edən təhsil naziri qeyd edib ki, milli mətbuatın 140 illik yubileyi münasibəti ilə təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında təşkil edilmiş müsabiqənin keçirilməsinin əsas məqsədi təhsil proseslərinin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığının stimullaşdırmaq, təhsildən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərməkdir.
Daha sonra çıxış edən Əflatun Amaşov, Vüqar Səfərli və digərləri milli Mətbuatın yaranmasından geniş danışıb, habelə mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə bütün jurnalistləri təbrik ediblər.
Sonda müsabiqədə qalib gəlmiş jurnalistlərə “Azərbaycan respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, qalib gələn jurnalistlər arasında “APA Holdinq”in 4 əməkdaşı da var.