Bu gün Bakı Ali Neft Məktəbində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə tələbələrin görüşü keçirilib. Lent.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov vurğulayıb ki, TQDK-nın yarandığı 20 il ərzində artıq test imtahanlarından 2 milyondan artıq insan keçib. Ötən müddət ərzində TQDK şəffaf dövlət qurumu imici formalaşdıra bilib: “Bakı Ali Neft Məktəbi 600-dən yuxarı bal toplayan tələbələrin reytinq siyahısında üstünlük təşkil edir. 102 prezident təqaüdçüsündən 11-i Bakı Ali Neft Məktəbinin payına düşür”.
E. Qasımov deyib ki, bir il əvvəl iki ixtisas üzrə ("Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi") tələbə qəbuluna başlayan ali məktəbdə növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni bir ixtisas - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" açılacaq. “Bakı Ali Neft Məktəbinin əsas məqsədinin ölkəmiz üçün beynəlxalq standartlara cavab verən, müasir texnika və texnologiyalarına yiyələnmiş, yüksək ixtisaslı və ingilis dilli kadrların yetişdirilməsidir”-deyə, rektor əlavə edib.
Qeyd edək ki, görüşdə TQDK sədri Məleykə Abbaszadə tələbələri maraqlandıran sualları da cavablandırıb.