Məhkumluqdan azad olunmuş 5823 nəfərə birdəfəlik pul müavinəti ödənilib
25 yanvar 2016 14:45 (UTC +04:00)

Məhkumluqdan azad olunmuş 5823 nəfərə birdəfəlik pul müavinəti ödənilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri ötən il ərzində penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş, tibbi və sosial yardıma ehtiyac duyan 5823 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qanunvericiliyə əsasən, qeyd olunan insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ödənilib.

Həmçinin, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğuna köməklik göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Ötən il ərzində həmin şəxslərdən 152 nəfəri üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də belə şəxslərin sosial və peşə adaptasiyası, onların sosial mühitə uyğunlaşdırılması və s. istiqamətlərdə tədbirlər həyata keçirəcək.

Qeyd edək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid olduqlarından məşğulluq orqanları tərəfindən onların müəssisələrdə ayrılmış kvota üzrə iş yerləri ilə təminatı işləri də görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar