Oktyabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında ölkəmizə rəsmi səfərə gələn Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Malikini qəbul edib. QMİ-dən Lent.az-a verilən məlumatına görə, A. Paşazadə Azərbaycanla Fələstin arasında dostluq əlaqələrinin tarixi köklərə əsaslandığını, son illərdə bu sahədə çox mühüm addımlar atıldığını deyib. O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda hər zaman Fələstinin haqq işini müdafiə edib və bu mənəvi dəstək bundan sonra da davam edəcək.
QMİ sədri ölkəmizin ərazi bütövlüyü məsələsində Fələstinin tutduğu mövqeyi yüksək qiymətləndirib, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa və Fələstin xalqına salam göndərib.
Riyad əl-Maliki də öz növbəsində qardaş ölkədə olmaqdan məmnunluq duyduğunu bildirib. Nazir deyib ki, Azərbaycan Fələstinə həm humanitar yardım göstərir, həm də ölkəsini beynəlxalq təşkilatlarda daim müdafiə edir. O əlavə edib ki, hər iki dost ölkə müxtəlif sahələr üzrə əməkdaşlığa böyük önəm verir və bu münasibətlər durmadan inkişaf etməkdədir. O, prezident Mahmud Abbasın adından A. Paşazadəni Fələstinə səfərə dəvət edib.
QMİ sədri Riyad əl-Malikiyə xatirə hədiyyəsi təqdim edib. Milli Məclisin üzvləri Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Çingiz Qənizadə, QMİ sədrinin müavinləri, QMİ Aparat rəhbəri və Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kəriminin də iştirak etdiyi qəbul qonağın şərəfinə verilən ziyafətlə başa çatıb.