Matın 29-u saat 17:00-da 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı prosesi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, jurnalistika ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçmiş bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni 31 mart 2015-ci il tarixində çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Qabiliyyət imtahanı aprelin 1-dən 3-dək keçiriləcək. Qeyd edək ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının fevralın 22-də keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün martın 19-dan 29-dək TQDK nın internet saytında müvafiq səhifədə qeydiyyatdan keçməli idilər.
Həmin müddət ərzində 27 bakalavr qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlər arasında bakalavriat səviyyəsində jurnalistika ixtisası üzrə təhsil almış şəxslərlə yanaşı, Azərbaycan dili və ədəbiyyat, alman dili və tarix müəllimliyi, həmçinin kompüter mühəndisliyi, biznesin təşkili və idarə edilməsi, pedaqogika və psixologiya, kitabxanaçılıq və informasiya ixtisasları üzrə təhsil almış bakalavrlar da var.
Bunlarla yanaşı, bakalavrlar qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidirlər. Dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçiblərsə, qabiliyyət imtahanında iştirak etməlidirlər.
Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanacaqlar.