Leyla Əliyeva uşaqlarla şənlikdə
25 iyun 2015 00:33 (UTC +04:00)

Leyla Əliyeva uşaqlarla şənlikdə

İyunun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti dəfə şənlik təşkil olunub. Şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Fonddan APA-ya verilən məlumata görə, bu dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində bir araya toplayıb. Şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıb. Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri Xəzərin sahilindəki bu məkanda yay mövsümünün xoş ovqatını, günəşli günlərin qayğısız anlarını yaşayıblar.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladları ilə birlikdə uşaqların şənliyinə qoşulub. Balacalara xas hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar bu isti yay günlərində Fondun onlar üçün hazırladığı çimərlik geyimlərində hovuzda üzüblər, müxtəlif oyunlarda iştirak ediblər, ətrafdakılarla sevinclərini bölüşüblər.

 

Leyla Əliyeva uşaqlarla söhbət edib, onlar üçün təşkil olunan bu şənliklə bağlı fikirləri ilə maraqlanıb.  Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradılıb. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa edib, məharətlərini göstəriblər.

 

Uşaqlarla bağlı Fondun himayəsi altında həyata keçirilən aksiyalar ilk növbədə məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına, yeni məktəb binalarının tikilməsinə yönəlib.

 

Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar