Ləçəyi hansı kişinin başına bağlayaq? - CAVAB
05 mart 2013 16:55 (UTC +04:00)

Ləçəyi hansı kişinin başına bağlayaq? - CAVAB

Bu gün “Azərbaycan”ın baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov rəhbərlik etdiyi dövlət qəzetində bir yazı qaralayıb. Bu yazını “Qafqazinfo” saytında dərc etmişik. Yəqin ki, maraqlananlar artıq mövzudan xəbərdardır. Yazının qısa xülasəsi belədir ki, Bəxtiyar Sadıqov onun barəsində Elşad Abdullayevdə ifşaedici videonun olması ilə bağlı xəbər yayan saytların və qəzetlərin ünvanına təhqirlər səsləndirib. Onların “reket” media olduğunu bildirib, həmin redaksiyalarda çalışanları isə bu video yayılmasa “başıləçəkli” adlandıracağını deyib. Bəxtiyar Sadıqov yazısında mənim rəhbərlik etdiyim “Qafqazinfo” saytının da adını çəkərək, bu anonsu ilk yayanlardan olduğumuzu qeyd edərək işlətdiyi təhqirlərin əsas hədəflərindən biri kimi saytı və kollektivi göstərib. 

Mən öz növbəmdə Bəxtiyar Sadıqovun təhqirlərini cavabsız buraxmaq istəmirəm. Məsələ belədir ki, indiki zamanda söyüş söymək, başqasını təhqir etmək o qədər rahatdır, təsəvvür edin ki, dövlət qəzeti olan “Azərbaycan”da bunu etmək mümkündürsə, indi gör “Qafqazinfo” kimi müstəqil xəbər portalında bu təqhirin neçə mislini qaytarmaq olar? Yəni buna açıq desək mənim həm tərbiyəm yol verir, həm də rəhbərlik etdiyim xəbər saytının imkanları. Söz vermirəm, amma çalışacam yazının sonuna kimi mədəni şəkildə davranaq. Çünki indi təhqirlə fərqlənmək, onu, bunu qapmaqla maraqlı görünmək ancaq siyasi şou effekti yarada bilər və cəmiyyətdə “Hafiz Hacıyevlik, Əli Mirəliyevlik” kimi görünə bilər. Necə ki, Bəxtiyar Sadıqov tutduğu postda, daşıdığı deputat adına yaraşmayan şəkildə küçə ifadələri ilə, öz səviyyəsinə uyğun danışıb. 

Adama sual verərlər ki, biz neynəmişik axı? Elşad Abdullayevin ilk videoları yayılandan indiyə kimi xəbərləri cəmiyyətdə ən operativ çatdıran media qurumu olmuşuq. Onun videolarını yaymışıq, müsahibələrini vermişik. Bununla bağlı bütün tərəflərin arqumentlərini işıqlandırmışıq. Ən son isə sizin adınız keçib bu materiallarda, bu xəbəri də digər müstəqil media orqanları kimi biz də işıqlandırmışıq. Üstəlik sizin də mövqeyinizi dərhal əlavə etmişik. İndi gözləyirik görək, bu video yayılacaqsa, yenə də hamıdan birinci bu xəbəri yaymağa çalışacağıq. Əgər olmayacaqsa, yenə də anonsun yalan çıxdığını verəcəyik. Yəni bizim işimiz bundan ibarətdir ki, xəbər yayaq və bunu hamıdan tez eləməyə çalışaq. 

Bunun sizə qarşı sifarişlər yerinə yetirməyə, hansısa məmurların göstərişi ilə oturub durmağa nə dəxli var? Məsələ bu qədər bəsit və sadəykən, heç ayıb deyilmi ki, özünü çoban kimi aparıb ağzına gələni yazasan? Yəni bu adambaşına əzbər tanınan bu ölkədə kiməsə ad qoymaq, kimisə nədəsə suçlamaq elə bilirsiz o qədər asandır? Yəni bu ölkə o qədər balacadır ki, burada başını kola soxub, dalını çöldə saxlayıb bildiyini eləmək gülüş doğura bilər. Bu məmləkətdə kimin kim olduğunu hamı gözəl bilir. Mənim də, sizin də... Kimin rəhbərlik etdiyi mətbuat orqanında “reket” tipli, pulla, palaz-palaz yazılar dərc etdiyi də göz qabağındadır. Bu yazıların qiyməti də hər kəsə bəllidir. 

Yazırsız ki, bu saytlar hansısa məmurların sifarişini yerinə yetirir. Elşad Abdullayevin videosunda onunla iş quranlar, ortaqları olan dələduzlardır. Siz heç bilirsizmi nə danışırsız? Təkcə bu abzasa görə sizin başınıza bir oyun açarlar ki... Mən sizi şantaj eləmək istəmirəm. Ancaq yazınıza diqqət edin, lütfən. Yoxsa yeriniz ya Gülərin, ya da Elşad Abdullayevin yanı olar. Yeri gəlmişkən, bu anonslar yayılanda elə Gülər də sizin kimi hamını təhqir edirdi, yalandır deyirdi... 

Sizin dediyinizdən belə çıxır ki, Azərbaycanda məmurlar bütün günü bir-birlərini qırmaqla, öz komandalarını parçalamaqla məşğuldurlar? Deyirsiz ki, Elşad Abdullayevin videosunda adları çəkilənlər dələduzlardır? Axı siz də bu komandada təmsil olunursuz? Və öz təmsil olunduğunuz komandanın ən yüksək rütbəli məmurundan tutumuş ən kiçiyinə kimi kimin adı keçibsə, hələlik bu adamların əksəriyyəti öz yerlərində oturub. Haqqında dələduz dediyiniz adamlar, Elşad Abdullayevin iş qurduğu şəxslər sizə divan tutar axı... Ən əsası hər gün Prezidentin stolunun üstünə gedən bir qəzetdə küçə ifadələri yazmağın adı nədir? Sayğısızlıq, harınlıq, ya heyvərəlik? 

Ən sonda isə mən sizə bir yaxın keçmişi xatırlatmaq istəyirəm. Yadınızdadırsa, bir neçə il əvvəl mən APA-da işləyərkən sizdən musahibə alanda belə bir sual vermişdim: “Sizin rəhbərlik etdiyiniz qəzetin ilk baş redaktoru Sorbon Universitetinin məzunu, Üzeyir Hacıbəyovun qardaşı olan Ceyhun Hacıbəyli olub. Siz isə hələlik “Azərbaycan”nın sonuncu baş redaktorusuz. Özünüzlə ilk sələfiniz arasında bir uyğunluq görürsüzmü?” Onda siz mənə tutqun bir şəkildə uyğunluq görmədiyinizi demişdiz, sonra müsahibə yayılanda isə yenə də zəng edərək məhz bu sualı müsahibədə saxladığım üçün “Adam kişi olar” təhqirini səsləndirmişdiz. Mən də o vaxt gülə-gülə “jurnalist kişi deyil, elə jurnalistdir” cavabını vermişdim. Elə o vaxtdan da, məni öz gözünüzdə ilan qurbağa kimi görməyə başlayıbsız. Ayıbdır axı. Yenə də deyirəm ki, “Qafqazinfo” haqqında harada və kimə nə deyibsinizsə, hamısını bir-bir yazıb sizi ələ salaram. Amma sizə qarşı isitifadə etmək üçün onlarla yazının mövzusu var və əlavə material axtarışına ehtiyac yoxdur. Təkcə mən 2005-ci ildə sizin kimi namizədliyimi verib öz doğma camaatımdan cəmi 2 faiz səs toplasaydım, bütün ağdamlıların qabağında özümü asardım. Bunu bir qarabağlı kimi bütün ağdamlılar edərdi. Amma siz gedib kişi-kişi parlamentdə oturduz? Hələ 2010-cu ildə də, təkrar bu yerdən deputat kimi parlamentə düşdünüz. İndi deyin görək, o boyda biabırçılıqdan sonra başına ləçək bağlamalı olan kimdir? Kimdir kişilik hissini itirən? 

Mən o vaxt sizə verdiyim sualı, indi bütün oxuculara verirəm. Dəyərli oxucular, Sizdən rica edirəm, bu suala cavab verin görək, “Azərbaycan”ın iki baş redaktoru Ceyhun Hacıbəyli ilə Bəxtiyar Sadıqov arasında müsbət mənada heç olmasa bircə kəlməlik uyğunluq tapmaq mümkündürmü? Lütfən, bu suala ancaq Bəxtiyar Sadıqovu tanıyanlar cavab yazssın...

P.S Biz sizin haqqımızda səsləndirdiyiniz təhqir dolu yazını öz saytımızda verdik. İndi sizin hünəriniz çatırsa, mənim yazımı rəhbərlik etdiyiniz qəzetdə dərc edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286
avatar

Oxşar yazılar