Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Kürdəmir rayonunda mühüm infrastruktur layihələri yerinə yetirilmiş, Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, Kürdəmir şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib.
Sərəncamda dövlət başçısı, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 (iki) milyon manat ayrılmasını tapşırıb.