“Avqustun 31-dən sentyabrın 7-nə qədər Rusiya və Rumıniyada keçirilən Beynəlxalq kulinariya müsabiqələrindən kulinarlarımız 3 qızıl, 3 gümüş, 4 bürünc medal və 1 diplom qazanıblar ”. Azərbaycan Milli Kulinariya Assosiasiyasından (AMKA) Lent. az-a verilən məlumata görə, bunu müsabiqələrin yekunlarına həsr edilən bugünkü mətbuat konfransında AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov deyib.
O, bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Səudiyyə Ərəbistanı da daxil olmaqla, müxtəlif ölkələrdən, ümumilikdə, 200 kulinarın iştirak etdiyi müsabiqədə kulinarlarımız 4 fərdi yarışmada iştirak edib: “Nəticədə 1 qızıl, 2 bürünc medal və 1 diplom qazanıblar. Rumıniyanın Kluj Napoka şəhərində isə Türkiyə, Almaniya, İsveç, İngiltərə, Albaniya, Macarıstan da daxil olmaqla 14 ölkənin kulinarlarının iştirakı ilə keçirilən Beynəlxalq kulinariya çempionatında isə kulinarlarımız 7 nominasiyada məharətlərini göstərmiş və hər bir nominasiya üzrə uğurlu nəticə əldə ediblər. Laçın Əkbərov, Sərxan Hacılı və Behnam Əkbərzadə iştirak etdikləri yarışlarda iki qızıl, üç gümüş, iki bürünc medal qazanıb”.