Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 9-da gözlənilən hava proqnozunu açıqlayıb.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. İyulun 10-da da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Temperatur gecə 19-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq .
Azərbaycanın rayonlarına gəlincə, iyulun 9-da rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, leysan xarakterli qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 21-25 dərəcə isti olacaq.
İyulun 10-da rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.