Nazim Hikməti "verbovka" edən azərbaycanlı diplomat - <span style="color:red;">MEDİADA İLK DƏFƏ
21 aprel 2016 17:11 (UTC +04:00)

Nazim Hikməti "verbovka" edən azərbaycanlı diplomat - MEDİADA İLK DƏFƏ

 

Onun haqqında heç harada, heç bir informasiyaya rast gələ bilməzsiniz resurslarda belə. Bircə Azərbaycan Sovet Ensiklopediyasında xəsisliklə verilmiş bir-iki cümlədən savayı. Azərbaycanın əyalət kəndindən Moskvayacan gedib çıxıb. Bolşeviklərə qoşulub, əvvəl “Hümmət” təşkilatına, sonra isə Rusiya Kommunist (bolşeviklər) Partiyasına. Fəhlə-Kəndli Qızıl Ordusunun Hərbi Akademiyasında oxumuş ilk azərbaycanlıdır. Həm də Rusiyanın ilk azərbaycanlı diplomatı. Onun barəsində Azərbaycandakı arxivlərdə belə, az məlumat var. Aşağıdakı şəkillərdə gördüyünüz sənədlər, fotolar da Moskvadakı arxivlərdən əldə edilib.

 

 

 

I YAZI

II YAZI

 

Mustafa Sübhi və tərəfdarlarının qətlə yetirilməsi sovet Rusiyasında şok yaratmışdı. Bundan başqa Trabzon konsulluğunun da Türkiyə daxilində separatçı hərəkəti yerli hökuməti qəzəbləndirmişdi. Rəsmi Moskva Trabzondakı konsulluğu bağlamaq qərarına gəlir. Orucəli Bağırov və konsulluğun əməkdaşları yenidən Ankaraya göndərilir.

Bütün baş verənlərə baxmayaraq, Rusiya səfirlik vasitəsi ilə yenə Türkiyədə kommunist hərəkatını canlandırmaq niyyətindəydi. Moskvadan gələn növbəti direktivdə Orucəli və daha iki əməkdaşa sol meylli gənc türk intellektuallarla işləmək tapşırığı verilir. Osmanlı türkcəsini mükəmməl bilən Orucəli Nazim Hikmət və dostları ilə rastlaşır. Orucəli gələcəyin böyük şairi və dostlarını kommunizm ideyalarının, Oktyabr inqilabının zəfərinə inandıra bilir. Mütəmadi keçirilən görüşlərdə, söhbətlərdə mövzu ancaq və ancaq  sovet Rusiyası, bu ölkənin zəhmətkeşlərin dövləti olması, tezliklə dünya kommunizm hərəkatının bütün ölkələrdə zəfər çalacağı barədə olur.

 

Görüşlərin birində türk gənclər Rusiyanı görmək arzularını dilə gətirirlər. Bu barədə dərhal Kremlə teleqram göndərilir. Moskvadan “hə” cavabı gəlir. Növbəti görüşlərdən birində Orucəli Nazim və dostu Nurəddinin Moskvaya getməsinə şərait yaradacağını bildirir. Nəhayət,  1921-ci il sentyabrın 26-da Orucəlinin köməyi ilə gənclər gizli yolla Batuma keçirilir. Orada isə onları gürcü bolşeviklər qarşılayır.  Oradan isə Moskvaya aparılırlar.

Nazim Moskvada Rusiya Kommunist (bolşeviklər) Partiyasına daxil olur. Şərq Zəhmətkeşləri Universitetinin İqtisadiyyat və ictimai həyat fakültəsində təhsil almağa başlayır. Şair Vladimir Mayakovski, Vsevolod Meyerxoldla da tanış olur, Taqankada keçirilən poetik diskussiyalarda fəal iştirak edir. Nazim bir də Türkiyəyə bir neçə ildən sonra qayıdacaqdı. Və həbs ediləcəkdi.

 

1921-ci ilin sonunda isə Bağırovu Moskvaya çağırırlar. Orucəli Moskvaya qayıdandan sonra Hərbi Akademiyada təhsilini davam etdirir. Bu ali məktəbi bitirən ilk azərbaycanlıdır Orucəli. İndiyədək qalmış maraqlı bir foto var. Şəkildə Lenin və akademiyanın məzunları təsvir olunub. Onların arasında Orucəli Bağırovu da görürük. Bu adamların bəziləri sonralar Sovet Ordusunun görkəmli xadimləri, istedadlı sərkərdə kimi fəaliyyət göstərdilər. Onların arasında Sovet İttifaqı Marşalı A.M. Vasilevski,
ordu generalı İ.V.Tyulenev və başqaları vardı.

Bəs Orucəli Bağırovun sonrakı taleyi necə oldu?

Səhhətinə görə o, hərbi xidmətdə irəliləyə bilmədi. Tez-tez xəstələndiyi üçün hərbidən ayrıldı. Tərcümeyi-halında elə beləcə də yazırdı: “İki dəfə - Bakı Kommunası məğlub olandan sonra dənizdə tufan zamanı və Ankaradan araba ilə qışda Trabzona gedərkən sətəlcəm xəstəliyinə tutulmağım nəticəsində səhhətim ağırlaşmışdı”.

Hərbi tibbi komissiya onu müayinə edəndən sonra arayış vermişdi: “Sətəlcəmin nəticəsi olaraq astma xəstəliyinə tutulduğuna görə Orucəli Bağırov başqa işə keçirilməlidir”.

 

Çox keçmir ki, Bağırov Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının RSFSR hökuməti yanında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunur.
Nəriman  Nərimanov isə ona yazılı sürətdə xüsusi mandat verir. Əslində bu, ağla gəlməyən bir səlahiyyət demək idi: “Azərbaycanın müxtəlif idarələrinin RSFSR hüdudundakı bütün nümayəndələri Bağırov yoldaşa tabe edilir”.
Amma çoxsaylı səfərlər və sətəlcəmin fəsadları ona gərgin işləməyə imkan vermir. Bundan sonra, O. Bağırov elmi-pedaqoji sahədə və ədəbiyyat sahəsində çalışır. Və… və ən maraqlısı odur ki, Şərq Zəhmətkeşləri Universitetində elə Nazim Hikmətin özünə dərs deyir. Özü də Kominter tarixindən…
 

1934-cü ildə Orucəli Moskvadan Bakıya qayıdır. Partiya tarixindən dərs deyir, Marks, Engels, Lenin və Stalinin bir neçə əsərini tərcümə edir. Amma çox yaşamır. 1940-cı ilin payızında 50 yaşında vəfat edir…

 

Səbuhi Məmmədli, Moskva.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar