ABŞ-da sərnişin təyyarəsi göyərtədə baş verən insident səbəbindən marşrutunu dəyişərək təcili eniş etməyə məcbur olub. Buna səbəb sərnişinlərdən birinin stüardessaya qarşı yolverilməz hərəkəti olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə “Delta” hava yolları şirkətinə məxsus, Fort-Loderdeyldən Los-Ancelesə uçan təyyarədə baş verib. 32 yaşlı Kodi Ceyms Maluk qeyri-adekvat davranışına görə saxlanılıb. Onun hərəkətləri səbəbindən təyyarə Corciya ştatındakı hava limanına istiqamətləndirilib.
Federal məhkəməyə təqdim olunan cinayət işi materiallarına əsasən, sənədlərdə PLL kimi qeyd olunan stüardessa hüquq-mühafizə orqanlarına bildirib ki, hadisə içkilərin paylanması zamanı başlayıb.
Onun sözlərinə görə, sərnişin yuxuda olduğundan onu narahat etməmək üçün xidmət arabası ilə yanından keçərək digər sərnişinlərə xidmət göstərməyə davam edib.
Lakin stüardessa arxasını çevirərək onun yanından keçərkən Maluk qəfil ona arxadan əl atıb. Qadının ifadəsinə görə, zərbə o qədər güclü olub ki, onu irəli itələyib. Geri dönərək nə baş verdiyini anlamağa çalışan stüardessa sərnişinin dərhal əllərini qaldırdığını görüb.
"Mən heç nə etməmişəm", – deyə Kodi Maluk bildirib.
Stüardessa dərhal vəziyyət barədə təyyarənin kapitanına məlumat verib. Pilot ən yaxın hava limanına enmək və polis çağırmaq qərarı qəbul edib. Nəticədə təyyarə Corciya ştatına yönləndirilib.
Şübhəli şəxs isə öz təqsirini yalnız qismən qəbul edib. O bildirib ki, qulaqcıq taxdığı üçün stüardessanın içki təklif etdiyini eşitməyib. Maluk qadına toxunduğunu təsdiqləsə də, bunu qəsdən və ya kobud şəkildə etmədiyini iddia edib. Onun sözlərinə görə, məqsədi sadəcə stüardessanın diqqətini cəlb etmək olub.
Hazırda Maluk Atlantadakı müvəqqəti saxlanma təcridxanasında saxlanılır. Ona ekipaj üzvlərinin işinə hücum və hədə-qorxu yolu ilə mane olmaq ittihamı irəli sürülüb. Təqsirləndirilən şəxsin özünü təqsirli bilib-bilmədiyini açıqlayacağı növbəti məhkəmə iclası iyunun 16-na təyin edilib.
Qanunvericiliyə əsasən, bu maddə üzrə təqsirli bilinən şəxsi 25 min dollara qədər cərimə və 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
“Delta Airlines” baş verən hadisəyə sərt reaksiya verib və məsələnin sonadək araşdırılacağını bəyan edib.
"Delta reyslərində pozucu və idarəolunmaz davranışa qarşı sıfır tolerantlıq siyasəti tətbiq edir. Bu cür hallara reaksiya vermək və əməkdaşlarımızı qorumaq üçün biz həmişə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəyik", – deyə aviaşirkətin rəsmi nümayəndəsi bildirib.