Könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır
12 mart 2015 13:46 (UTC +04:00)

Könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Avropa İttifaqının birgə layihəsinin icra vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə DSMF-də brifinq-təqdimat keçirilib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildirilib ki, layihə Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlıdır.

Tədbirdə çıxış edən layihə rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, təsdiq olunmuş fəaliyyət planına müvafiq olaraq, ötən dövrdə Avropa İttifaqının ekspertlər qrupunun ölkəmizə çoxsaylı səfərləri çərçivəsində Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyət, qanunvericilik, maliyyə və sığorta-pensiya sistemi öyrənilib, geniş araşdırma işləri aparılıb, eləcə də DSMF ilə, habelə müxtəlif dövlət orqanları və sair qurumlarla görüşlər keçirilib.

Daha sonra layihə üzrə almaniyalı ekspert, professor Heis-Ditrix Şteinmeyer beynəlxalq təcrübəyə əsasən çoxsəviyyəli pensiya təminatı sisteminin yaradılması üzrə mümkün həll yolları, yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması ilə əlaqədar beynəlxalq təcrübədə tətbiq edilmiş mexanizmlər və modellər, həmçinin özəl pensiya fondlarının yaradılması və könüllü sığortalanmanın əhəmiyyəti məsələlərinə həsr olunmuş geniş təqdimatla çıxış edib.

 

Qeyd olunub ki, layihə üzrə qanunvericilik bazasının yaradılması üçün ilkin planda pensiya təminatı sisteminin hər bir səviyyəsinə aid müxtəlif təşkilati, inzibati, maliyyə, nəzarət, hüquqi və s. məsələlər öz əksini taparaq ətraflı təsvir olunacaq. İlkin plana daxil edilən məsələlər sonradan qanunvericilik bazası layihəsinin işlənməsində əsas götürüləcək. Yığım komponentinin tətbiqi ilə bağlı qanunvericilik bazasının ilkin planında əks etdirilməli olan vacib məsələlər sırasında vəsaitlərin yığım hesablarında toplanması mexanizmləri, bu vəsaitlərin idarə olunması, onların yönəldilə biləcəyi investisiya növləri, aktivlərin qiymətləndirilməsi və investisiya gəlirliliyinin hesablanması qaydaları, pensiyaların yığım hissəsinin əhaliyə ödənilməsi üzrə ilkin mexanizmlərə dair suallar xüsusi vurğulanıb. Qeyri-dövlət pensiya fondları ilə bağlı isə bu institutların ümumi strukturu və iş prinsipləri, qeyri-dövlət pensiya proqramlarının xüsusiyyətləri, bu sahədə inzibatçılıq, dövlət nəzarəti və tənzimləməsi, pensiya vəsaitlərinin idarə olunması və s. bu kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar