Könül Xasıyeva: “Həyatımız da sənətimiz kimi ciddidir”
25 yanvar 2016 17:02 (UTC +04:00)

Könül Xasıyeva: “Həyatımız da sənətimiz kimi ciddidir”

“İnkişaf etmək üçün hər gün çalışırıq. Bu xüsusiyyəti xasiyyətimizdə də tətbiq edirik. Yüksəldikcə daha səmimi olmaq lazımdı. Sənətkarı xalqa sevdirən də məhz budur. Sənət ciddi, mükəmməl olmalıdır. Həyatımız da sənətimiz kimi ciddidir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, xalq artisti Könül Xasıyeva deyib.

 

Qonaq bildirib ki, sənət yoluna çox kiçik yaşlarda çıxıb: “11 yaşımda respublika müsabiqəsində iştirak etmişəm. Atam dedi ki, “çox çətin yola çıxırsan”. O zaman ümumrespublika qurultayından sonra keçirilən konsertdə Xeyransa Məmmədova çıxış etdi. Bundan sonra ulu öndər Heydər Əliyevin sərəncamı ilə respublikanın ayır-ayrı bölgələrindən olan istedadlı uşaqların yaş kateqoriyalarına uyğun şəkildə Bakıda yerləşən musiqi təhsili ocaqlarına yerləşdirilməsinə dair sərəncam imzaladı. Mən də “Gənclərin ümumrespublika baxış” müsabiqəsində iştirak etdim və qazandım. Bundan sonra təhsilimi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirdim. Mənim muğam müəllimim görkəmli xanəndəmiz, xalq artisti Şövkət Ələkbərova olub. Ali təhsilimi isə Azərbaycan Dövlət Konservatoriyasında, xalq artisti Arif Babayevin sinfində almışam”.

 

Xalq artisti qeyd edib ki, səsi daim qorumaq lazımdır: “Gücüm yetdiyi qədər səsimi qorumağa çalışıram. Çünki bütün mənim varlığım, keçmişim, bu günüm, gələcəyim səsimdir. Məni xalqa sevdirən səsimdir. Muğam bizim sərvətimizdir. Azərbaycanı dünyaya tanıdan həm də musiqimizdir. Muğam müsabiqələri, sərhəddən kənarda Azərbaycanın təbliği mühüm məsələdir. Əgər dövlət muğama bu qədər diqqət və qayğı göstərirsə, bizim nə haqqımız var səsimizi qorumamağa? Ölkəni təmsildən söhbət gedəndə ifaçının kim olması önəm daşımır”.  

 

Könül Xasıyeva bildirib ki, püxtələşmək üçün daim öz üzərində çalışmağa ehtiyac var: “Mən Şövkət Ələkbərova və Arif Babayevin tələbəsi olmuşam. Amma bununla məhdudlaşmamışam. Hər zaman daha çox öyrənməyə can atmışam. Sənətkarlarımıza hər zaman qulaq asmışam. El arasında mənə “bala Şoşu” deyirlər. Mən bu adı çox şərəflə daşıyıram. Bizim muğamımızın beşiyi Qarabağdır. Amma Azərbaycanın hər bölgəsində çox istedadlı insanlar var. İnanmazdım ki, şimal bölgəsində muğama bu qədər maraq olar. Ötən il iştirak etdiyim məclisdə demək olar ki, rəqs edən olmadı. Ancaq muğam istədilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar