Komitə sədri azərbaycançılıqdan danışdı
07 noyabr 2013 10:12 (UTC +04:00)

Komitə sədri azərbaycançılıqdan danışdı

AMEA Rəyasət Heyətində Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimovla görüş keçirilib. Bu barədə Lent. az-a Akademiyadan məlumat verilib. Tədbirin məqsədi dünya azərbaycanlı alimlərinin iştirakı ilə Bakıda keçiriləcək Azərbaycan alimlərinin I Qurultayına hazırlıq işlərinin müzakirə edilməsi olub.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə ölkəmizdə modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasətin yeni intellektual səviyyəyə qalxdığını vurğulayıb: “Dövlət alimlərimizi dəstəkləyir, fəaliyyətini yüksək qiymətləndirir. Biz alimlərin də vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi zirvələrə yüksəltmək üçün bütün dünyada fəaliyyət göstərən azərbaycanlı alimlərimizlə birgə qüvvəmizi səfərbər etməkdir. Azərbaycan elminin dünyaya inteqrasiya olunmasında ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı alimlərlə iş birliyi zəruridir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı alim azərbaycançılıq ideologiyasının fəal təbliğatçısı olmalıdır”.

 

A. Əlizadə dünyaya töhfələr bəxş etmiş Azərbaycanlı alimlərlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin milli məfkurə ətrafında birləşərək fəaliyyət göstərmək üçün mükəmməl vasitə olduğunu vurğulayıb. 2014-cü ildə Bakıda keçiriləcək Azərbaycan alimlərinin I Qurultayında xaricdə yaşayan azərbaycanlı alimlərlə ölkəmizin elmi potensialının bir araya gəlməsinin əhəmiyyətindən söhbət açıb. Bildirib ki, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlı alimlərinin dialoquna imkan yaradan tədbir həm də yeni birgə layihələrin təməlini qoymağa meydan açacaq.

Diasporla İş üzrə Dövlət komitəsinin sədri diaspor təşkilatlarında təmsil olunan azərbaycanlı alimlərin elmimizin dünyaya inteqrasiya olunmasında, o cümlədən azərbaycançılıq ideologiyasının gücləndirilməsində maraqlı olduqlarını nəzərə çatdırıb. N. İbrahimov bu gün də beynəlxalq səviyyədə nüfuz qazanmış alimimizin dünyanın hansı ölkəsində fəaliyyət göstərməsindən asılı olmayaraq, azərbaycanlı kimi təqdim olunmasının hər birimizdə qürur hissi oyatdığını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar