Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-dan Lent. az-a verilən məlumata görə, iclası giriş sözü ilə RMİ-nin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açaraq perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verib. Qeyd edib ki, institutun gələcək illər üçün inkişaf proqramı hazırlanmalı və bu məqsədlə işçi qrupu yaradılaraq öz həllini gözləyən problemləri aşkara çıxarmalıdır.
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələri ilə əlaqələrin qurulmasının vacibliyindən söhbət açan professor perspektivli məzunların instituta cəlb olunması məsələsinə də xüsusi önəm verdiyini qeyd edib.
Professor bu ay “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda keçiriləcək Beynəlxalq konfransa hazırlıq işləri ilə bağlı məlumat verib.
İclasda 2014-cü ildə institutun 55 illik yubileyinin keçirilməsi istiqamətində hazırlıq işlərinin görülməsi, institut əməkdaşlarının təcrübi biliklərinin daha da möhkəmləndirilməsi məqsədilə xaricdə təhsillərinin davam etdirilməsi, institutun saytının müasir tələblərə uyğun yenidən işlənməsi və s. məsələlər də müzakirə olunub.