Xeyli vaxtdır Azərbaycan mediası məşhur erməni terrorçusu Monte Melkonyanı kimin öldürdüyü barədə keçmiş döyüşçülər tərəfindən səsləndirilən ziddiyyətli fikirlərdən yazır. Bu məsələyə dair mübahisələr hələ də davam edir. Vaxtilə Qarabağda vuruşmuş keçmiş zabitlərin bir qismi Melkonyanı “Azərbaycan Bayrağı” Ordeni ilə təltif olunmuş İbad Hüseynovun öldürdüyünü bildirir, bir qrup sabiq hərbçi isə bunu təkzib edir.
Lent.az-ın məlumatına görə, Modern.az saytı dünya ermənilərinin qəhrəmanı Monte Melkonyanı kimin öldürdüyünə dair keçmiş DTK sədri, general Vaqif Hüseynovun da fikirlərini əldə edib.
1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləmiş Vaqif Hüseynov bir müddət öncə yazdığı “Bir ömürdən də çox” kitabında Qarabağdakı Çaykənd və ümumən 20 yaşayış məntəqəsinin erməni separatçılarından azad edilməsi ilə bitmiş “Üzük” əməliyyatı barədə maraqlı məqamlara toxunub.
V.Hüseynov qeyd edir ki, 1990-cı ilin yayından DTK sədri kimi öz iqamətgahını demək olar ki, Gəncəyə köçürüb. Daxili işlər naziri olmuş Məhəmməd Əsədov və baş prokuror İsmət Qayıbov da həmin dövrdə bir ayaqları ilə həmin bölgədə olublar. Bu zaman kəsimində Dağlıq Qarabağda baş vermiş hadisələrə toxunan V.Hüseynov yazır ki, Xankəndi və digər yaşayış məntəqələrində pasport qeydiyyatının sərtləşdirilməsi nəticəsində xeyli sayda separatçı keçmiş muxtar vilayətin ərazisindən kənarlaşdırılıb. Yoxlamalar nəticəsində məlum olub ki, Dağlıq Qarabağda separatçı fəaliyyətin başlamasından çox-çox əvvəl erməni əsilli əksər vətəndaşlar Moskvada, Rostov-Donda, Stavropol vilayətində və SSRİ-nin digər bölgələrində daimi qeydiyyat əldə edib.
V.Hüseynov yazır ki, 1989-cu ildə separatçılar öz fəaliyyətlərini genişləndirərək Gəncəətrafı ərazilərdə də fəallaşıblar. Goranboy rayonu ərazisində isə ermənilər ciddi hərbi əməliyyatlara başlayıblar.
“1896-cı ildə Anadoludan köçmüş ermənilərin məskunlaşdığı kəndlər arasında Çaykənd xüsusi təhlükə zonası idi. Mənfur “Miatsum” hərəkatının ideoloqlarından biri olan İqor Muradyan da bu kəndə tez-tez baş çəkirdi. Burda fəaliyyət göstərən erməni hərbi birləşməsinə isə Tatul Krpeyan başçılıq edirdi. Onunla bərabər, Yerevandan gəlmiş dəstəsi ilə “Ded” ləqəbli kriminal avtoritet Simon Açiqqozyanın da fəaliyyəti haqda da məxfi məlumatlar vardı. Xüsusi təhlükəli şəxs isə ABŞ ermənisi, “Pzo” ləqəbli Armen Kazaryan idi. Əməkdaşımız mayor İlham İsmayılov regionda etibarlı informasiya mənbəyinə malik idi. Həmin mənbə Çaykənddə və ətraf yaşayış məntəqələrində sözügedən şəxslərin törətdiyi cinayətlər barədə məlumatlar verirdi...”.
Sabiq DTK rəhbəri qeyd edir ki, həmin dönəmdə Bakıda yerləşən sovet qoşunlarının keçmiş qərargah rəisindən ibarət xüsusi komissiya erməni separatçılarına müxtəlif bəhanələrlə himayəçilik etmək cəhdi göstərib.
“General Şirinkinin rəhbərlik etdiyi bu qrupa öz adamımız daxil ola bildi. Bu, İlham İsmayılov idi. O, buna öz mətanəti və şəxsi şücaəti ilə nail oldu”.
V.Hüseynov bildirir ki, xarici döyüş sursatı ilə silahlanmış, boğazdan yuxarı təriflənən erməni döyüşçüləri və beynəlxalq axtarışda olan məşhur terrorçularla mübarizədə Azərbaycan DİN-in xüsusi təyinatlı polis dəstəsi (“OMON”) və DTK-nın xüsusi təyinatlılarının keçirdiyi hərbi əməliyyatlar mühüm əhəmiyyət daşıyırdı.
Bu əməliyyatlara toxunan V.Hüseynov hazırda mübahisə mövzusu olmuş mühüm bir məsələyə də aydınlıq gətirir. O, məşhur erməni terrorçusu Monte Melkonyanı qətlə yetirmiş azərbaycanlı hərbçinin adını belə açıqlayır.
“Peşəkar terrorçu, ASALA rəhbərlərindən biri, türk diplomatları və İsrailə qarşı bir neçə terror aktının iştirakçısı Monte Melkonyanı təxribat-kəşfiyyat dəstəsinin 22 yaşlı döyüşçüsü İbad Hüseynov zərərsizləşdirib. Erməni mətbuatında “Ələkeçməz Monte” ləqəbini almış terrorçunu o, Qarabağdakı Muğanlı kəndində yaxalayıb. “Ələkeçməz Monte” azərbaycanlı kəşfiyyatçı qarşısında diz çökərək, mərhəmət etməsini, onu öldürüməməsini yalvarıb...”.